Türk Dövlətləri
Təşkilatının Qəbələdə keçirilən XII Zirvə toplantısı başa çatsa da tədbirlə
bağlı müzakirələr və münasibətlər davam edir. Maraqlıdır ki, Zirvə görüşü təkcə
iştirakçı dövlətlərin yox, dünya və region dövlətlərin gündəmini də məşğul edib. Aparıcı Beynəlxalq xəbər agentlikləri
Zirvə görüşünə və yekun bəyannaməyə məmnunluqla yer ayırırlar.
Təbii ki,
bütün yanaşmalarda ümumi bir fikir hasil olur ki, TDT ciddi geosiyasi mərkəzə
çevrilir.
TDT-nin
geosiyasi gücü nədədir?
Məlum olduğu
kimi TDT-yə 6 dövlət daimi üzvülük edir. İki ölkə- Türkmənistan və Macarıstan təşkilatda
müşahidəçi qismində təmsil olunur. Şimali Kipr Türk Respublikası isə qonaq
qismində təşkilatın toplantılarına qatılır.
Məmnunluqla qeyd
etməliyik ki, TDT üzvü olan 6 dövlətin çox böyük iqtisadi potensialı var. Dünyanın
ən strateji resurslarının böyük hissəsi TDT coğrafiyasında yerləşir. Neft, qaz,
uran, kömür, qızıl, litium, üzüm, pambıq, dəniz nəqliyyatı və aqrar potensialına
görə TDT dövlətləri dünyada xüsusi çəkiyə
sahibdir. Bu da o anlama gəlir ki, TDT artıq enerji, nəqliyyat və təhlükəsizlik
baxımından Avrasiya məkanının dayağıdır. Eyni zamanda dünyanın iqtisadi
balansında xüsusi payı var.
Xatırlatmaq
yerinə düşər ki, 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 % böyüyərək
3,2 %-lik qlobal iqtisadi artımı xeyli üstələyib. Hazırda Türk dövlətləri 2,11
trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsulla (ÜDM) qlobal iqtisadiyyatda
1,8 % paya sahibdirlər. Bundan başqa, ötən il türk dövlətlərinin ümumi ticarət
dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin
3,5 %-i deməkdir.
Onu da qeyd edək ki, TDT ümumi ərazisi təxminən 4,3 milyon kvadrat kilometr, əhalisi
180 milyondan çoxdur. Dünyada yaşayan türkləri nəzərə alsaq onda bu rəqəm
350–400 milyon nəfəri keçər.
Ən əsası
Türk dövlətləri hazırda həm iqtisadi, həm də əhali sayının artımına görə
dünyada rəqib tanımır.
Türk dövlətlərinin
gücünə güc qatan digər vacib amillər də var:
-
Bütün
Türk dövlətlərində ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür.
-
TDT-nin
heç bir ölkəsində siyasi qarşıdurma yoxdur.
-
Heç
bir Türk dövləti hansısa dövlətlə hərbi münaqişəyə cəlb edilməyib.
Təbii ki,
istənilən dövlətin davamlı inkişafı üçün sadaladığımız bu 3 amil vacibdir.
TDT-də Azərbaycan
moderatorluğu
Qeyd etmək
yerinə düşərdi ki, Türk dövlətləri təşkilatının yaradılması ideyası məhz Azərbaycana
məxsusdur. Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan
müqaviləsi ilə Azərbaycan,
Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulub. Özbəkistansa 30
aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlayıb və 14 sentyabr 2019-cu
ildə də isə TDT-yə üzv olub.Lakin TDT-nin ilk 11 illik fəaliyyəti yalnız mədəni
əlaqələrin inkişafı üzərində qurulmuşdu. Amma 44 günlük müharibədən sonra təşkilatın
fəaliyyətində xüsusi bir canlanma başladı. Bunun da tək səbəbkarı Azərbaycan
idi. Çünki ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan
xarici təhdidlərə son verdi. Və böyük hədəflər üçün yola çıxdı. Bu hədəflərdən
biri də Türk dövlətlərinin iqtisadi-siyasi və mədəni birliyinə nail olmaq və
ortaq Türk dəyərlərinə yenidən sahiblənməkdir. Son 5 ildə TDT fəaliyyətində çox
maraqlı dönəm başladı. Son illərdə təşkilat çərçivəsində aparılan müzakirələr,
baş tutan görüşlər bütün Türk dövlətlərini yenidən bir araya gətirdi. Hətta qədim
Hunların layiqli davamçısı olan Macarıstan da TDT təmsil olunmaq istəyini
ortaya qoydu. Daha sonra Türkmənistan TDT-nin toplantılarında müşahidəçi kimi iştirak etməyə başladı. Son
bir ildə ŞKTR da qonaq kimi TDTnin toplantılıarına dəvət alır.
Təbii ki, Azərbaycanın
moderatorluğu bütün Türk dövlətləri tərəfindən dəstəklənir və təqdir edilir. Təsadüfi
deyil ki, Macarıstanın Baş naziri Viktor Orban Qəbələdəki çıxışında bunu
böyük səmimiyyətlə qeyd elədi:
“Hörmətli cənab
Prezident, Sizin heyrətamiz nailiyyətləriniz, iqtisadiyyatın inkişafı, bərpaolunan
enerji resursları və bu sahəyə qoyulan sərmayə onun sübutudur ki, Mərkəzi Asiya
regionu və bu region Avropa İttifaqının “qızıl ehtiyatı”dır.
TDT-nin əldə
etdiyi uğurlar
TDT bir
qurum olaraq Türk xalqları arasında mədəni əlaqələrin dərinləşməsinə və ortaq dəyərləri
bir platformada birləşdirməyə çalışır. Məsələn Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır. Bundan əlavə Türk Dövlətləri Təşkilatı
(TDT) ölkələrinin ortaq himni üzərində hazırda iş aparılır. Himndə
türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.
Eyni zamanda 34 hərfdən ibarət Ortaq Türk Əlifbası yaradılıb. Belə ki, Türk Dövlətləri Təşkilatı
(TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası bu əlifbanın
yaradılması ilə bağlı razılığa gəlib. Yaxın gələcəkdə Türk xalqlarının ortaq
lüğətinin hazırlanması da gözlənilir. Bundan əlavə süni intellekt
texnologiyalarını fəal şəkildə inkişaf etdirərək böyük türk dili modelinin tətbiqi
qarşıda duran hədəflərdəndir.
Gələn il
birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində
təntənəli şəkildə təşkil olunması qərara alınıb.
Hazırda
TDT–nin qarşısında duran bir sıra məsələlər var. “Türk Şengen”inin yaradılması,
ticarət və nəqliyyat kommunikasiyalarının vahidləşdirilməsi, enerji və
investisiya bazarlarının inteqrasiyası – Türk dünyasını vahid iqtisadi məkan
kimi formalaşdırmaq. süni intellekt texnologiyalarını da fəal
şəkildə inkişaf etdirəcək böyük türk dili modelinin tətbiqinin vacibliyindən
“Hərbi güc hər
bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”
Təbii ki,
siyasi-iqtisadi və mədəni əlaqələrin dərinləşməsi və şaxələnməsi hərbi sahədə də
əməkdaşlığı zəruri edir. Məhz bu zərurətdən çıxış edən Azərbaycan Prezidenti
İlham Əliyev TDT-nin XII Zirvə sammitində bəyan edib ki, təhlükəsizlik təmin
edilmədən inkişaf mümkün deyil:
“Beynəlxalq
hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz
arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən
biridir...Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində
geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü
dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas
amilidir”.
TDT-yə artan
Beynəlxalq maraq
Məmnunluqla
qeyd etməliyik ki, TDT beynəlxalq
arenada artıq nüfuzlu qurum kimi tanınır və qəbul edilir. Aparıcı dünya dövlətləri
bu təşkilatla əməkdaşlıqda çox maraqlıdır. Məsələn Çin, Pakistan, Rusiya və hətta
İran həm ölkələr TDT ilə, həm də təşkilatın hər bir üzvü ilə yaxından əməkdaşlıq
etməyə çalışır.
Bu da təsadüfi deyil. Çünki təşkilatın missiyası ümumbəşəri və sülhpərvərdir. Təşkilatın
əsas hədəfi Türk dövlətləri arasında iqtisadi və mədəni əlaqələri dərinləşdirmək
və şaxələndirməkdir. Təbii ki, üzv dövlətlərin əlaqələri şaxələndikcə regionun
digər ölkələri bundan iqdisadi dividend götürür.
TDT-yə artan
Beynəlxalq maraq səbəbilə TDT XII sammiti çərçivəsində "TDT+"
formatının təsis edilməsi haqqında qərar imzalanıb. Bu da imkan verir ki, dünyanın istənilən
sülhpərvər ölkəsi TDT-yə qoşulsun. Təbii ki, bu da TDT-nin gücünə əlavə güc
qatacaq.
Bütün
bunlarsa bir daha onu sübut edir ki, XXI əsr məhz Türk əsri olacaq.
News365.az