Vadefulun Bakı səfərinin pərdəarxası: Berlinin Azərbaycan planı

Vadefulun Bakı səfərinin pərdəarxası: Berlinin Azərbaycan planı
12:50

Avropanın enerji təhlükəsizliyi, Cənubi Qafqazda dəyişən geosiyasi mənzərə və Azərbaycan-Ermənistan arasında sülh perspektivləri. Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun Bakıya səfəri bu məsələlərin yenidən gündəmə gəlməsi baxımından diqqət çəkib. Berlinin regiona artan marağı isə Almaniyanın Azərbaycanla münasibətlərini daha geniş strateji çərçivədə inkişaf etdirmək niyyətindən xəbər verir.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Turan Rzayev bildirib ki, səfərin əsas əhəmiyyəti Almaniyanın Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi reallıqlara münasibətini ortaya qoymasıdır.

Onun sözlərinə görə, Almaniya Qərbi Avropanın mühüm siyasi və iqtisadi güclərindən biri kimi Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında xüsusi rol oynayır. İki ölkə arasında müəyyən məsələlər üzrə fikir ayrılıqları olsa da, siyasi dialoq, iqtisadi əməkdaşlıq və beynəlxalq platformalardakı təmaslar davam edir.

Politoloq qeyd edib ki, son dövrdə Bakı ilə Berlin arasında münasibətlərdə yeni dinamika yaranıb. Prezident İlham Əliyevin iyul ayında Almaniyaya rəsmi səfəri zamanı imzalanan ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olub. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı sənəd isə tərəflərin iqtisadi əlaqələri daha sistemli müstəviyə keçirmək istəyini göstərir.

T.Rzayev hesab edir ki, Vadefulun Bakı səfərində enerji məsələlərinin xüsusi yer tutması da təsadüfi deyil. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu ildən Azərbaycan qazının Almaniyaya ixracına başlanması iki ölkə arasında əməkdaşlığa yeni məzmun qazandırıb.

Onun fikrincə, Almaniya enerji mənbələrini şaxələndirmək və etibarlı təchizat imkanlarını genişləndirmək, Azərbaycan isə Avropa bazarında mövqeyini möhkəmləndirməklə yanaşı, enerji əməkdaşlığını investisiya və texnologiya layihələri ilə zənginləşdirmək istəyir.

Politoloq nəqliyyat və logistika sahəsinin də Berlinin regiona marağını artıran əsas amillərdən biri olduğunu vurğulayıb. Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi, Xəzər üzərindən Avropa ilə Asiyanı birləşdirən marşrutların əhəmiyyətinin artması Almaniya üçün yeni iqtisadi imkanlar yaradır.

T.Rzayevin qənaətinə görə, Berlin Cənubi Qafqaza yalnız enerji resursları baxımından deyil, həm də Avropa ilə Asiya arasında alternativ ticarət və nəqliyyat əlaqələrinin qurulması üçün mühüm coğrafiya kimi yanaşır.

Səfərin siyasi gündəliyində diqqət çəkən digər məsələ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh prosesidir. Politoloq bildirib ki, Almaniya iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir və bu istiqamətdə diplomatik fəallığını artırmağa çalışır.

O xatırladıb ki, Vadeful Ceyhun Bayramovla birgə mətbuat konfransında Ermənistan səfəri zamanı sülh məsələsinin əsas müzakirə mövzularından biri olacağını açıqlayıb. Almaniyalı nazirin "Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın. Azərbaycan Prezidenti də buna hazırlığını ifadə edib" bəyanatı Berlinin prosesə münasibətini göstərir.

Politoloqun fikrincə, Almaniyanın həm Bakı, həm də İrəvanla paralel dialoq aparmaq niyyəti regionda uzunmüddətli sabitliyin təmin olunmasına hesablanıb. Berlin üçün sülhün əldə edilməsi nəqliyyat kommunikasiyalarının açılması və Cənubi Qafqazın Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir.

T.Rzayev Rusiyanın regiondakı mövqeyinin də Almaniyanın Cənubi Qafqaz siyasətinə təsir göstərən amillərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik yanaşmalarında baş verən dəyişikliklər və alternativ nəqliyyat marşrutlarının ön plana çıxması Berlinin regiona diqqətini artırıb.

Politoloq Vadefulun səfərdən əvvəl Rusiyanın regionda təsirini qorumağa çalışması ilə bağlı açıqlamasını da bu kontekstdə qiymətləndirib. O hesab edir ki, Almaniya Cənubi Qafqaz dövlətlərinin gələcəklərini müstəqil şəkildə müəyyənləşdirməsinin tərəfdarıdır.

T.Rzayev Azərbaycanın xarici siyasət kursunun bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, Bakı Almaniya və Avropa İttifaqı ilə əlaqələrini genişləndirməklə yanaşı, digər güc mərkəzləri ilə də münasibətlərini qoruyur. Bu yanaşma ölkəyə geosiyasi rəqabətin təsirindən kənarda qalaraq milli maraqlarını təmin etmək imkanı verir.

Politoloq hesab edir ki, Vadefulun Bakı səfəri Almaniyanın Azərbaycanla əməkdaşlığı dərinləşdirmək və Cənubi Qafqazda sülh prosesinə dəstəyini davam etdirmək niyyətinin göstəricisidir. Berlin üçün Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik baxımından mühüm tərəfdaş, Bakı üçün isə Almaniya ilə münasibətlər Avropada siyasi və iqtisadi mövqelərin genişləndirilməsi baxımından əhəmiyyətli istiqamətdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada