ABŞ ilə İran arasında mümkün razılaşma perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır. Tərəflər arasında təmasların davam etməsinə baxmayaraq, xüsusilə nüvə proqramı ilə bağlı fikir ayrılıqları diplomatik irəliləyişə ciddi maneə yaradır.
Mövzu ilə bağlı News365.az-a danışan politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ABŞ-İran müharibəsi fonunda Tehrana dəstək nümayiş etdirməsi siyasi baxımdan mühüm mesajdır. Lakin bu dəstək Vaşinqtonun mövqeyinə təsir etmək üçün kifayət etməyə bilər.

Politoloqun fikrincə, ABŞ İranın irəli sürdüyü şərtləri yalnız nüvə proqramı ilə bağlı ciddi güzəştlər əldə edəcəyi təqdirdə qəbul edə bilər.
"İran 400 kq zənginləşdirilmiş uranı ya təhvil verməli, ya da üçüncü ölkəyə göndərməli və zənginləşdirmə həddini 3%-ə salmağa razı olmalıdır. Lakin nüvə məsələsi hələ də açıq qaldığından, hesab edirəm ki, ABŞ İranın bu mövqeyini və təklifini dəstəkləməyəcək. Çünki Hörmüz boğazında gərginlik onsuz da artır və proses normal münasibətlər sistemində getmir", – deyə o bildirib.
M.Əsədullazadə diqqətə çatdırıb ki, Vaşinqton və Tehran arasında məxfi danışıqlar aparılsa da, fikir ayrılıqları təkcə nüvə proqramı ilə məhdudlaşmır. Bu isə tərəflərin ortaq məxrəcə gəlməsini çətinləşdirir.
"Əgər nüvə məsələsini kənara qoyaraq digər məsələlərdə razılıq əldə olunacaqsa, onda bu müharibə nəyə lazım idi? Axı bu müharibə məhz nüvə təhlükəsinin aradan qaldırılması üçün başlanılmışdı. Əgər İran bu məsələni hələ də gündəmdə saxlayır və özünü qalib hesab edirsə, deməli, normal münasibətlər sistemindən söhbət gedə bilməz. Bu halda ABŞ də İranın şərtini qəbul etməyəcək və böhranın davam etməsi gözlənilir", – politoloq vurğulayıb.
News365.az