Süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı beynəlxalq münasibətlərin qaydalarını dəyişir. Artıq dövlətlər arasında münasibətlərin qurulmasında təkcə siyasi və iqtisadi amillər deyil, texnoloji imkanlara sahib şirkətlərin mövqeyi də mühüm rol oynayır. Bu dəyişiklik diplomatik qurumların fəaliyyətində yeni yanaşmanı zəruri edir.
News365.az xəbər verir ki, bu barədə Texnologiya Diplomatiyası Qlobal İnstitutunun əməliyyatlar üzrə baş direktoru Simon Saneback Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində keçirilən panel müzakirəsində danışıb.
O bildirib ki, xarici siyasət qurumları artıq ənənəvi diplomatik münasibətlərlə kifayətlənməməli, texnologiya sektorunun aparıcı şirkətləri ilə də birbaşa dialoq qurmalıdır.
Simon Sanebackın sözlərinə görə, süni intellekt beynəlxalq siyasətdə iki əsas istiqamətdə ciddi dəyişiklik yaradıb. İlk növbədə, diplomatik müzakirələrin gündəliyi genişlənib. Bulud texnologiyaları, məlumat modellərinin təhlükəsizliyi və rəqəmsal suverenlik kimi məsələlər artıq dövlətlərarası danışıqların vacib mövzularına çevrilib.
Digər tərəfdən, süni intellekt vasitəsilə hazırlanan saxta materialların və dezinformasiyanın sürətlə yayılması beynəlxalq münasibətlər üçün əlavə təhlükələr formalaşdırır. Bu şəraitdə informasiya təhlükəsizliyi diplomatik fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilir.
İnstitut rəsmisi diqqətə çatdırıb ki, dəyişən yalnız müzakirə olunan məsələlər deyil, diplomatik danışıqlarda iştirak edən tərəflər də artıq əvvəlkindən fərqlənir. Belə ki, strateji əhəmiyyət daşıyan bir çox texnoloji resurs və infrastruktur dövlətlərin deyil, iri özəl şirkətlərin nəzarətindədir.
O, buna misal olaraq dünyada ən qabaqcıl çiplərin istehsalının təxminən 90 faizinin bir məkanda cəmləşdiyini, bulud xidmətləri bazarının da məhdud sayda provayderin nəzarətində olduğunu göstərib.
Simon Saneback hesab edir ki, bu reallıq Azərbaycan və region ölkələrinin xarici siyasət qurumları qarşısında yeni vəzifələr qoyur. Artıq diplomatik strategiyalarda yalnız dövlətlərlə münasibətlər deyil, mühüm texnoloji infrastruktura sahib şirkətlərlə əməkdaşlıq da nəzərə alınmalıdır.
O vurğulayıb ki, mövcud diplomatik strukturlar hələ bu dəyişikliklərin yaratdığı tələblərə tam uyğunlaşmayıb.
News365.az