Bəzi insanlar niyə eyni adama dəfələrlə inanır? - Psixoloq səbəbləri açıqladı

Bəzi insanlar niyə eyni adama dəfələrlə inanır? - Psixoloq səbəbləri açıqladı
12:23

Bəzən insan qarşısındakının yalan danışdığını bilsə də, ona inanmaqdan vaz keçmir. Verilən vədlər, xoş sözlər və kiçik diqqət jestləri əvvəlki məyusluqları unutdurur. Hətta eyni insan tərəfindən dəfələrlə aldadılmaq belə bəzilərinin yenidən güvənməsinə mane olmur. Kənardan sadəlövhlük kimi görünən bu davranışın arxasında isə bir sıra psixoloji amillər dayanır.

Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, aldanmağa daha çox meyilli insanlar, əsasən, həddindən artıq güvənən, yüksək empatiya qabiliyyətinə malik, sevgi və diqqətə ehtiyac duyan, başqalarının təsdiqini axtaran, konfliktdən yayınan və özünəinamı zəif olan şəxslərdir.

Mütəxəssisin sözlərinə görə, bu insanların əsas xüsusiyyətlərindən biri başqalarını öz xarakterlərinə uyğun qiymətləndirmələridir. Səmimi və dürüst insanlar qarşı tərəfin də eyni niyyətlə davrandığını düşünürlər. Empatiyası güclü olanlar isə başqalarının səhvlərini anlamağa çalışarkən bəzən özlərinə qarşı edilən haqsızlıqları belə görməzdən gəlirlər.

Psixoloq diqqət və sevgiyə ehtiyacın da insanı manipulyasiyaya qarşı həssaslaşdıra biləcəyini vurğulayıb. Belə şəxslər onlara göstərilən kiçik bir qayğını belə böyük sevgi əlaməti kimi qəbul edə, qısa müddətdə emosional bağlılıq yarada bilərlər.

A.Ələkbərova bu vəziyyətlə bağlı təcrübəsində qarşılaşdığı hadisələrdən birini də bölüşüb. Onun sözlərinə görə, müraciət edən cütlüklərdən birində qız nişanlısının dostunun göstərdiyi diqqət və qayğıya emosional olaraq bağlanıb. Nəticədə bu yaxınlıq münasibətlərin pozulmasına və ayrılığa gətirib çıxarıb.

Digər mühüm amil isə başqalarının rəğbətini qazanmaq istəyidir. Psixoloq bildirib ki, daim təsdiq və dəstək axtaran insanlar xoş sözlərə, təriflərə və diqqətə daha tez aldanırlar. Xüsusilə ailədə fikirləri nəzərə alınmayan, özünü ifadə etmək imkanı məhdud olan şəxslər kənardan gələn diqqətə daha çox bağlana bilirlər. Bu isə manipulyasiya üçün zəmin yaradır.

Mütəxəssis konfliktdən qaçmağın da aldanma hallarını uzadan səbəblərdən biri olduğunu qeyd edib. Belə insanlar qarşı tərəfin yanlışını başa düşsələr belə, münasibətlərin pozulacağından ehtiyat edərək susmağa üstünlük verirlər. Nəticədə eyni davranışlar təkrarlanır, manipulyasiya isə davam edir.

Özünəinamın aşağı olması da insanın qərarlarına təsirsiz ötüşmür. A.Ələkbərovanın fikrincə, belə şəxslər öz düşüncələrindən daha çox başqalarının fikirlərinə güvənir, haqlı olduqları məqamlarda belə mövqelərini müdafiə etməkdə çətinlik çəkirlər.

Psixoloq idealist yanaşmanın da insanı yanılda biləcəyini bildirib. Belə şəxslər qarşılarındakı insanın hazırkı davranışlarından çox, gələcəkdə dəyişərək necə biri olacağına inanırlar. Onun potensialına ümid bağladıqları üçün mövcud səhvləri və mənfi xüsusiyyətləri görməzdən gəlirlər. Bəzən isə sevgi, qorxu və həyəcanın təsiri altında düşünülməmiş qərarlar verirlər.

A.Ələkbərova hesab edir ki, dəfələrlə aldanmaq insanın ağılsız və ya xaraktercə zəif olması anlamına gəlmir. Əksinə, bu, bəzən başqalarına özləri kimi yanaşmaq, onların da dürüst və səmimi olduğuna inanmaq istəyindən qaynaqlanır.

Bəs belə hallardan qorunmaq üçün nə etmək lazımdır?

Psixoloq ilk növbədə insanların dediklərindən daha çox etdiklərinə diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, etibar ani emosiyalar əsasında deyil, zamanla və qarşı tərəfin ardıcıl davranışları müşahidə olunaraq formalaşmalıdır. İnsan yalnız ona göstərilən diqqəti deyil, həmin şəxsin ümumi münasibətini və davranış tərzini də dəyərləndirməlidir.

Aytən Ələkbərova vurğulayıb ki, empatiya başqasının hisslərini anlamaq bacarığıdır. Lakin bu xüsusiyyət hər kəsə qeyd-şərtsiz inanmaq, edilən yanlışlara daim göz yummaq və şəxsi sərhədləri unutmaq demək deyil.

News365.az


Sizin reklam burada
Sizin reklam burada