Millət vəkili Samir Vəliyev Donald Trampın ABŞ-ın 47-ci prezidenti kimi and içməsindən sonra inaqurasiya mərasimində verdiyi mesajları news365.az-a şərh edərək bildirib ki, bu mesajların əsasını sülhə yönəlmiş çağırışlar təşkil edir.
"Donald Tramp inaqurasiya mərasimində münaqişələrin və müharibələrin sona çatdırılacağını bəyan etdi. Bu bəyanat, xüsusilə, Rusiya-Ukrayna münaqişəsinin dayandırılması istiqamətində ciddi siqnaldır. Trump administrasiyası, əvvəlki Biden administrasiyası ilə müqayisədə daha pragmatik və iqtisadi maraqlara əsaslanan yanaşma sərgiləyəcək. Onun siyasətinin əsas məqsədlərindən biri ABŞ-ın iqtisadi maraqlarını qorumaqdır", - deyə Samir Vəliyev vurğulayıb.
Millət vəkili bildirib ki, Donald Trampın prioritetlərindən biri də ABŞ istehsalının bərpası və ölkəyə geri qaytarılmasıdır:
"Son illərdə istehsalın ABŞ-dan uzaqlaşması ölkənin iqtisadiyyatına mənfi təsir edib. Tramp bu problemin həlli üçün sülh və sabitliyə üstünlük verir."
Samir Vəliyev həmçinin əlavə edib ki, bir çox ölkələr və dairələr Donald Trampın həyata keçirmək istədiyi siyasətlə razı deyillər. Buna misal olaraq, Böyük Britaniyanın baş naziri ilə bağlı mübahisələri və bu ölkənin Ukraynaya uzunmüddətli dəstək vəd etməsini göstərib.
"Donald Tramp, həmçinin Yaxın Şərqdə və Cənubi Qafqazda münaqişələrin həlli üçün sülhə üstünlük verir. Hətta Həmas və İsrail arasında əldə olunan razılaşmada da onun rolu böyük olub", - deyə Vəliyev bildirib.
Millət vəkilinin fikrincə, Trampın siyasəti ABŞ-ın iqtisadi maraqlarına xidmət etməklə yanaşı, qlobal sülhə töhfə verə bilər.