Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov ölkədə korrupsiyanın dövlət idarəçiliyinin sistemli probleminə çevrildiyini iddia edib.
Bakıvaxtı.az xəbər verir ki, Azarov bu barədə “TASS”a açıqlamasında danışıb.
Onun fikrincə, Ukraynada 2014-cü ildən sonra korrupsiya ayrı-ayrı şəxslərin qanunsuz əməllərindən daha geniş miqyas alaraq sistemli xarakter daşımağa başlayıb.
Keçmiş baş nazir hazırkı Prezident Volodimir Zelenskini də korrupsiya iddialarından kənarda saxlamayıb. O, prezidentin yaxın çevrəsində bir sıra şəxslərin müxtəlif cinayət işləri ilə üzləşdiyini bildirib.
Azarovun sözlərinə görə, həmin şəxslər arasında həbs olunanlar, ölkədən çıxışına məhdudiyyət qoyulanlar və elektron qolbaqla nəzarətdə saxlanılanlar var.
“Zelenski birbaşa korrupsiyada ittiham olunur. Onun yaxın ətrafında cinayət işləri üzrə təqsirləndirilən şəxslər var. Onların bəziləri həbsdədir, bəzilərinə ölkədən çıxış qadağası qoyulub, bəziləri isə elektron qolbaqla nəzarətdədir”, – deyə Azarov bildirib.
O, həmçinin hökumətin və parlamentin bir sıra üzvlərinin də korrupsiya ittihamları ilə üzləşdiyini iddia edib.
“Baş nazirin müavinləri, nazirlər və 45 deputat korrupsiya ilə bağlı ittihamlarla üzləşib. Bu, parlamentin təxminən 15 faizidir”, – keçmiş baş nazir vurğulayıb.