“Ermənistanı sülhə məcbur etmək üçün təzyiqlər gücləndirilməlidir” - Politoloqdan şərh

“Ermənistanı sülhə məcbur etmək üçün təzyiqlər gücləndirilməlidir” - Politoloqdan şərh
10:00

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası erməni cəmiyyətinin sülh prosesinə yanaşmasını ortaya qoyur”.

Bunu News365.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan 2020-ci il müharibəsindən sonra Ermənistana qarşı üstün imkanlara malik olsa da, sülh və regionda sabitliyin təmin olunması istiqamətində təşəbbüslər göstərib.


Politoloq qeyd edib ki, Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına icazə verilməsi, eləcə də Azərbaycandan Ermənistana yanacaq göndərilməsi bu siyasətin nümunələrindəndir:

“Bununla erməni cəmiyyətinə mesaj verildi ki, sülh əldə olunacağı təqdirdə sosial rifah yüksələcək və daha rahat həyat şəraiti formalaşacaq. Müharibədə qalib gəlməsinə və daha üstün imkanlara sahib olmasına baxmayaraq, sülh üçün Azərbaycan daha çox təşəbbüs göstərir”.

Əli Zülfüqaroğlu hesab edir ki, buna baxmayaraq, Ermənistan hökuməti və cəmiyyətində sülh prosesi ilə bağlı manipulyativ yanaşmalar müşahidə olunur.

O, Ermənistandakı seçki prosesinə də toxunaraq bildirib ki, hakim partiyanın topladığı səsin 50 faizə çatmaması “hesablanmış addım” ola bilər:

“İrəvan bununla Azərbaycanın Ermənistan qarşısında konstitusiyanın dəyişdirilməsi tələbinə qarşı ‘konstitusion çoxluq əldə edə bilməməsi arqumenti’ yaratdı. Bununla da erməni revanşist qüvvələri ilə yanaşı, hökumətin də pozitiv açıqlamalara rəğmən pərdəarxasında fərqli siyasət yürütdüyü ortaya çıxdı”.

Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistanı sülhə sövq etmək üçün təzyiq imkanlarından daha fəal istifadə etməlidir.

“İndiyə qədər Ermənistan hökuməti və cəmiyyətinə verilən mesajlar nəinki adekvat reaksiya ilə qarşılanır, əksinə, diplomatların Azərbaycanın öz suveren ərazilərinə səfəri belə aqressiya ilə üzləşir. Bu da işğalçı zehniyyətin dəyişmədiyini və bu düşüncə ilə də anlayacağı dildə danışmağın zəruriliyini ortaya qoyur”, – deyə Əli Zülfüqaroğlu bildirib.

O əlavə edib ki, Azərbaycanın Ermənistanla bağlı tranzit və iqtisadi siyasətinə yenidən baxılması mümkündür:

“Azərbaycanın tranzit imkanları Ermənistanın üzünə qapanmalı, yanacaq satılmamalı və sülh gündəliyi kontekstində yürüdülən ikitərəfli əlaqələrə yenidən baxılmalıdır. Tarixi faktlar göstərir ki, revanşist düşüncə ilə təzyiq dili və daha sərt yanaşma effektiv ola, nəticə əldə etməyə imkan verə bilər”.


Sizin reklam burada
Sizin reklam burada