Neft ucuzlaşdı: ABŞ ehtiyatları bazarı təəccübləndirdi

Neft ucuzlaşdı: ABŞ ehtiyatları bazarı təəccübləndirdi
10:20

Dünya neft bazarında qiymətlər yenidən geriləyib. ABŞ-də xam neft ehtiyatlarının gözləntilərin əksinə olaraq kəskin artması qiymətlərə təzyiq göstərib.

“Brent” markalı neftin bir bareli 0,86 faiz ucuzlaşaraq 107,82 dollara düşüb. ABŞ-nin WTI markalı nefti isə 0,92 faiz dəyər itirərək 104,86 dollara satılıb.

Neft qiymətlərindəki eniş Səudiyyə Ərəbistanında baş verən hadisələrin bazara təsirinin müzakirə olunduğu bir vaxtda qeydə alınıb. Səudiyyənin Qırmızı dənizə çıxışı təmin edən “Şərq-Qərb” boru kəmərinə hücumdan sonra Yanbu limanında neft yükləmələrini dayandırması qlobal tədarüklə bağlı narahatlıqları artırıb.

Bundan əvvəl isə bazarda tam əks tendensiya müşahidə olunub. Hər iki əsas neft markası əvvəlki sessiyada 3 dollardan çox bahalaşaraq mayın 19-dan bəri ən yüksək göstəriciyə çatıb. Bu artım əsasən Səudiyyə Ərəbistanından Avropaya neft tədarükünün azalacağı ilə bağlı gözləntilərlə əlaqələndirilib.

Hazırkı ucuzlaşmanın əsas səbəblərindən biri isə ABŞ-dən gələn ehtiyat göstəriciləridir.

Amerika Neft İnstitutunun məlumatlarına əsasən, sentyabrın 11-də başa çatan həftə ərzində ölkənin xam neft ehtiyatları 7,1 milyon barel artıb. Halbuki bazar iştirakçıları əksinə, ehtiyatların 1,6 milyon barel azalacağını proqnozlaşdırırdılar.

Həmin həftə ABŞ-də benzin və distillat ehtiyatlarında da artım qeydə alınıb.

“Haitong Futures” analitiklərinin fikrincə, ABŞ ehtiyatlarının gözlənilməz artımı neft qiymətlərinin aşağı düşməsinə səbəb olsa da, ayrı-ayrı bölgələrdə ehtiyatların çoxalması qlobal xam neft bazarında mövcud təklif məhdudiyyətlərini tam aradan qaldırmır.


Sizin reklam burada
Sizin reklam burada