MƏKTƏBLƏR AÇILDI, BAKIDA NƏQLİYYAT YÜKÜ ARTDI — HANSI DƏYİŞİKLİKLƏR EDİLDİ?

MƏKTƏBLƏR AÇILDI, BAKIDA NƏQLİYYAT YÜKÜ ARTDI — HANSI DƏYİŞİKLİKLƏR EDİLDİ?
18:10

Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyatın hərəkət intensivliyi yenidən artıb.


News365.az xəbər verir ki, səhər saatlarından paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunub. NİİM-in məlumatına görə, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Aeroport şosesi və Tbilisi prospektində sıxlıq qeydə alınıb.


Məktəblərin açılması ilə avtomobillərlə yanaşı, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının da artması gözlənilir. Bu səbəbdən nəqliyyat sistemində bir sıra dəyişikliklər həyata keçirilib.


METRODA İNTERVALLAR AZALDILIB


Sentyabrın 15-dən Bakı Metropolitenində pik saatlarda qatarlararası intervallar azaldılıb. Qırmızı xəttin “İçərişəhər–Əhmədli” istiqamətində qatarlar pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.


Yaşıl xəttdə ehtiyac yaranarsa interval 3 dəqiqəyədək azaldılacaq. Bənövşəyi xətdə isə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqəlik interval tətbiq olunur.


ŞƏHƏRƏTRAFI QATARLARIN SAYI ARTIRILIB


Məktəblərin və universitetlərin açılması ilə şəhərətrafı nəqliyyata tələbatın artacağı nəzərə alınaraq, sentyabrın 15-dən şəhərətrafı qatarların gündəlik reyslərinin sayı 90-dan 96-ya çatdırılıb.


Bundan başqa, Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə endirilib.


BAKIDA “YAŞIL DALĞA” TƏTBİQ EDİLİR


Yeni tədris ili ilə əlaqədar paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyatın daha səmərəli idarə olunması üçün “Yaşıl dalğa” rejimi tətbiq edilib.


Bu rejim Rəşid Behbudov, 28 May, Bülbül, Yusif Səfərov, Azadlıq, Fətəli xan Xoyski, Atatürk, Üzeyir Hacıbəyli, Qara Qarayev və digər küçə və prospektləri əhatə edir.


İŞ QRAFİKLƏRİ DƏ DƏYİŞDİRİLİR


Nəqliyyat yükünün azaldılması məqsədilə sentyabrın 15-dən Bakı və ətraf ərazilərdə yerləşən dövlət qurumlarında iki aylıq sınaq müddətində dəyişkən iş qrafiki tətbiq edilir.


İşçilər 08:00–17:00, 09:00–18:00 və 09:30–18:30 olmaqla üç fərqli rejim üzrə çalışacaqlar. Məqsəd pik saatlarda nəqliyyat sıxlığının azaldılmasıdır.


SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ


Baş Dövlət Yol Polisi İdarəsi də yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Qurum məktəb və bağçaların ətrafında xüsusilə səhər və axşam saatlarında sıxlığın artacağını bildirərək sürücüləri diqqətli olmağa çağırıb.


Valideynlərdən avtomobillərini ikinci cərgədə və piyada keçidlərinin üzərində saxlamamaq, uşaqları təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən düşürmək tələb olunur.


Beləliklə, qarşıdakı günlərdə Bakı yollarında xüsusilə səhər 07:30–10:00 və axşam 17:00–20:00 aralığında nəqliyyat yükünün yüksək qalacağı gözlənilir. Sürücülərə alternativ marşrutlardan istifadə etmək, məktəbə yaxın ərazilərdə isə daha diqqətli hərəkət etmək tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada