Azərbaycan televiziyaları informasiya müharibəsində uduzub

Azərbaycan televiziyaları informasiya müharibəsində uduzub
11:23

Təhsil eksperti Etibar Əliyev Azərbaycan mediasının, xüsusilə televiziyaların informasiya müharibəsindəki roluna dair fikirlərini bölüşüb.

O, jurnalist Mir Şahin Ağayevin televiziya və informasiya mübarizəsi ilə bağlı fikirlərinə diqqət çəkərək Azərbaycan televiziyalarının informasiya məkanında mövqeyini gücləndirməsinin vacibliyini vurğulayıb.

Etibar Əliyev bildirib ki, erməni mənbələri Azərbaycandakı bloqerlərin paylaşımlarından geniş istifadə edir və bunun qarşısında televiziya imkanlarından daha effektiv yararlanmaq lazımdır.

“Ustad jurnalistin ‘TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur’ fikri ilə razılaşmamaq olmur. Azərbaycan televiziyaları Azərbaycan vətəndaşlarına uduzub. Səbəb-nəticə əlaqələri bəllidir”, – deyə o qeyd edib.

Ekspert Azərbaycan televiziyalarında ingilis və rus dillərində elmi-populyar və siyasi verilişlərin hazırlanmasının vacibliyini qeyd edib. Onun fikrincə, bu format xarici auditoriyaya Azərbaycanın mövqeyinin çatdırılmasına imkan verə bilər.

“Nədən bizim televiziyalarda ingilis və rus dillərində elmi-populyar, siyasi verilişlər yoxdur? Ölkədə bu dilləri bilən kifayət qədər savadlı adamlar var. Diplomatların Qarabağa səfərinin təhlili və bundan əndişələnən erməni revanşistlərinə cavablar televiziyalar vasitəsilə, iki dildə, verilsəydi, ermənilər daha çox narahat olardılar”, – deyə Etibar Əliyev bildirib.

O, informasiya mübarizəsində alimlərin və elm adamlarının imkanlarından daha geniş istifadə edilməli olduğunu da vurğulayıb.

Etibar Əliyev 1988-ci ildə akademik Ziya Bünyadovun “Elm” qəzetində dərc olunan “Poçemu Sumqait?” məqaləsini xatırladıb. Onun sözlərinə görə, həmin yazı Ermənistanda geniş rezonans doğurub və bir sıra erməni alimləri məqaləyə cavab verməyə çalışıblar.

“Ziya müəllim ermənilərin tarixi keçmişdə bizə qarşı yazdıqları saxta, yalançı tarixlərini ifşa etmişdi. O vaxtlar yalnız qəzet və ağ-qara televizor var idi. İnformasiya ‘müharibəsi’ bu iki məkanda tüğyan edir və çox sürətlə yayılırdı”, – deyə ekspert yazıb.

Etibar Əliyev hesab edir ki, hazırda alimlərin sosial şəbəkələrdə kifayət qədər görünməməsi informasiya məkanında müəyyən boşluqlar yaradıb.

“Bizim alimlərimiz sosial şəbəkələrdən didərgin düşüb. Bu alternativ məkan – televiziyalarda onlara yer verilmir – elmsiz adamların əlinə düşüb. Narsisizm xəstəliyi bizi yaman günə qoyub”, – deyə o bildirib.

Ekspert bununla belə, mövcud vəziyyətlə bağlı narazılığın Zəfərin əhəmiyyətini kölgədə qoymamalı olduğunu vurğulayıb.

“Ancaq incimək, küsmək vaxtı deyil. Zəfərimizin substansiallığını var gücümüzlə qorumalıyıq. Bu Zəfər bizə ağrılarla, böyük itkilərlə başa gəlib”, – deyə Etibar Əliyev qeyd edib.

O, işğaldan azad edilmiş ərazilərdə yaşayan, təhsil alan, işləyən və hərbi xidmət keçən insanların Azərbaycanın əldə etdiyi Zəfərin bir hissəsi olduğunu bildirib:

“İşğaldan azad olunmuş torpaqlarımıza köçən, təhsil alan, işləyən, hərbi xidmət keçən hər bir şəxs, həm də mənəm. Mən oradayam...”


Sizin reklam burada
Sizin reklam burada