Donald Tramp Kiyevi Ukraynada münaqişənin alovlanmasında əsas günahkar adlandırıb.
Donald Tramp “Time” nəşrinə müsahibəsində bu barədə danışıb.
ABŞ prezidentinin sözlərinə görə, münaqişə Ukraynanın NATO-ya daxil olmaq planları ilə bağlı olub. Üstəlik Tramp Ukraynanın nə vaxtsa alyansa üzv olacağına şübhə etdiyini bildirib.
Tramp müsahibəsində prezidentliyi dövründə Ukraynada sülhə nail olmağı mümkün hesab edib. Eyni zamanda, o qeyd edib ki, Krım Ukraynadakı vəziyyətin nizamlanması üzrə sövdələşmənin bir hissəsi kimi Rusiyanın tərkibində qalacaq və Zelenski bunu başa düşür.
Trampın istədiyi razılaşma isə cəbhə xəttində münaqişənin dondurulmasını nəzərdə tutur. O qeyd edib ki, Rusiya son nəticədə Ukrayna ərazisinin təxminən 20%-ni ala bilər. Eyni zamanda ABŞ prezidenti etiraf edib ki, onun münaqişənin bir gündə başa çatması ilə bağlı dediyi sözlər şişirtmə və ifadə xarakteri daşıyır.