Din xadimləri milliləşməlidir- Tural İrfan yazır

Din xadimləri milliləşməlidir- Tural İrfan yazır
09:43
Dini inanclı adamın, ilahiyyatçının, din xadimlərinin fəaliyyətinin, təbliğatının məram və məqsədi dövlətə, xalqa ziyan vurmaq, problem yaratmaq deyil; fayda vermək, xidmət etmək olmalıdır.
Dini mətnlərin, tarixin ziddiyyətli nöqtələrini deyil, ibrət alınmalı məqamlarını çatdırmalıdırlar cəmiyyətə.
Xalqın vəhdətinə, birliyinə xidmət edən mövzular üzərində durulmalı, ixtilaflı, ziddiyyətli, nifaqsalıcı fəaliyyətə yol verilməməlidir.
Din xadimləri milliləşməlidir. Öz Vətəninə ögey yanaşmamalıdır. Düşüncəsində, təbliğatında, əməlində Vətənə hansı töhfəni verə biləcəyini ölçüb - biçməlidir. Ən azı ziyan, zərər vurmamalıdır. Çünki ziyan vurmamağın özü də bir xeyirdir. Müftəxor da olmaq olmaz. İnsan bu Vətənin çörəyini yeyib xəyanət etməməlidir.
Ağzından çıxan hər sözə diqqət etməli, cəmiyyət üçün hansı təsir və nəticəni göstərəcəyini dərk edib ona uyğun addım atmalıdır. Yoxsa hər oxuduğunu, hər eşitdiyini hər bildiyini danışmamalıdır.
Dinlərimiz, məzhəblərimiz, fikirlərimiz fərqli və çoxlu ola bilər, amma unutmamaq lazımdır ki, bizim bir dövlətimiz, bir Vətənimiz, bir bayrağımız var.
Dövlət - din münasibətləri yüksək səviyyədədir. Dini icmalara, konfessiyalara diqqət və qayğı davamlıdır. Bütün qanuni dini icmaların fəaliyyətinə yüksək şərait yaradılıb. Məscidlər, digər ibadət yerləri tikilir, təmir olunur... Bunları qiymətləndirmək, dəyər vermək lazımdır. Nemətə şükr etməyəndə Allah o neməti əldən alır. Qana çalxalanmış müsəlman şərqinə baxıb ölkəmizdəki sabitliyin qədrini bilməliyik.
Sosial şəbəkələrdə, media üzərindən, müxtəlif müstəvilərdə didişmələr, mənfi mövzular üstündə mübahisələr, ixtilaflı söhbətlər, din adamına yaraşmayan fitnəkar moizələr cəmiyyətin nəinki dinə meyl etməsinə, əksinə dindən ikrah edib uzaqlaşmasına səbəb olur.
Dinlərin, məzhəblərin, məktəblərin ortaq nöqtələrindən, qarşılıqlı münasibətlərindən, mərhəmətdən, məhəbbətdən bəhs edilməlidir. İmam Cəfər Sadiqin dediyi kimi, din yalnız məhəbbətdir!
Yoxsa hərə kor atı minib köndələn çapsa fitnə dumanı ərşə qalxar. Dini inanclılar üçün yaradılan bu şərait heç bir müsəlman ölkəsində yoxdur. Bu nemətə naşükürlük edilməməlidir. Sui-istifadə də edilməməlidir.
Dini inanclı zümrə, din xadimləri ölkədə əxlaq, mənəviyyat, ruhaniyyat, mərhəmət, ədalət simvolu olmalıdır.
Xeyir verməsə də, xeyir verməyi bacarmasa da ziyan vurmamalıdır heç olmasa...
Tural İrfan, ilahiyyatçı yazar


Sizin reklam burada
Sizin reklam burada