Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi
qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər milli tariximizdə
xüsusi yer tutur
Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də
xalqın ruhunu, düşüncə tərzini, milli-mənəvi dəyərlərini yaşadan canlı bir
irsdir. Azərbaycan dili də xalqımızın keçmişini bu günə, bu gününü sabaha
daşıyan müqəddəs bir körpüdür.
Milli dil
vasitəsilə nəsillər bir-birinə öz bilik və təcrübələrini, mədəni və mənəvi
dəyərlərini ötürür. Ulu babalarımızdan bizə miras qalan bu dilin saflığını
qorumaq, onu zənginləşdirmək, gənc nəslə sevdirib öyrətmək bizim müqəddəs
vəzifəmizdir. Ötən sərin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil
edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə
gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili
məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil
məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların
rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara
baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər
Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
1970-ci illərin ortalarından etibarən, SSRİ-nin tərkibində olan bir sıra
ittifaq respublikalarında dil məsələsi yenidən aktual müzakirə mövzusuna
çevrildi. Bu, təkcə mədəni və mənəvi məsələ deyildi, həm də ictimai-siyasi mahiyyət
daşıyan bir məsələ idi. Çünki dil – milli kimliyin, mədəni irsin və dövlətçilik
şüurunun əsas dayaqlarından biri hesab olunurdu. Bu dövrdə dil məsələsinin
aktuallaşmasının səbəbləri var idi. Belə ki, SSRİ rəhbərliyi rus dilini
"bütün sovet xalqlarının birləşdirici dili" kimi təqdim edirdi. Bu
siyasət nəticəsində yerli dillər ikinci plana keçməyə başladı. Bu isə
respublikalar arasında narazılıq və milli özünüdərk meyllərinin güclənməsi ilə
nəticələndi. Ziyalı təbəqə və gənc nəslin bir hissəsi milli dəyərlərə, o
cümlədən ana dilinə sahib çıxmaq istəyi ilə çıxış etməyə başladı. Mədəniyyət,
ədəbiyyat, təhsil sahələrində bu istək özünü göstərməyə başladı.
Respublikaların Konstitusiyalarında dəyişiklik ehtiyacı var idi. 1977-ci ildə
qəbul olunmuş SSRİ Konstitusiyası əsasında ittifaq respublikaları da öz
konstitusiyalarını yeniləməyə başladılar. Bu isə dil məsələsini hüquqi
çərçivəyə salmaq üçün əla bir fürsətə çevrildi.
Azərbaycan
kontekstində isə Ulu Öndər Heydər Əliyev bu prosesi çox düzgün dəyərləndirdi. O,
Azərbaycanın milli maraqlarını əsas tutaraq Azərbaycan dilinin konstitusion
statusunu təmin etməyə nail oldu. 1978-ci ilin 27 aprelində Azərbaycan SSR
Konstitusiyasında Azərbaycan dili respublikanın dövlət dili kimi rəsmi şəkildə
təsbit olundu. Bu, SSRİ-də nadir və nümunəvi bir addım idi.
SSRİ
dövründə Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev, dil
məsələsində hər zaman prinsipial və cəsarətli mövqe sərgiləmişdir. O,
Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində
mühüm addımlar atmışdır, baxmayaraq ki, bu, Sovet İttifaqı şəraitində asan
deyildi.
1970–1980-ci
illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycan dilinin
statusunun yüksəldilməsi və tədrisinin genişləndirilməsi üçün konkret tədbirlər
görmüşdür. Məhz onun təşəbbüsü ilə Azərbaycan dili dövlət səviyyəsində daha
geniş istifadə olunmağa başladı, məktəblərdə, ali təhsil müəssisələrində və
rəsmi sənədlərdə daha çox yer almağa başladı. Azərbaycan ədəbi dilinin
qorunması və zənginləşdirilməsi yönündə alimlərə, yazarlara və ziyalılara
dəstək verildi. Heydər Əliyevin bu sahədəki mövqeyi onun milli kimliyə, ana
dilinə və mədəni irsə olan dərin bağlılığının təzahürü idi. O, hər zaman dilin
bir millətin varlığını qoruyan əsas sütunlardan biri olduğunu vurğulamışdır:
“Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi
də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq
edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər
Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili
olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.”
Qeyd
etiyimiz kimi, 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasında
Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi – bu, SSRİ kimi
mərkəzləşdirilmiş dövlət sistemində olduqca cəsarətli bir addım idi. Bununla,
həmçinin müstəqilliyə gedən yolun ideoloji təməli qoyuldu – Heydər Əliyev hələ
o dövrdə Azərbaycan xalqının öz dilinə, mədəniyyətinə sahib çıxmasının gələcək
müstəqil dövlətçiliyin əsas dayaqlarından biri olacağını dərk edirdi.
Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf
etdirilməsi sahəsində gördüyü işlər milli tariximizdə xüsusi yer tutur. O, ana
dilimizin dövlət statusu qazanmasına və cəmiyyətin bütün sahələrində
işlənməsinə böyük önəm verirdi. 1995-ci ildə irəli sürdüyü mühüm təkliflərdən
biri də məhz Azərbaycan dilinin Konstitusiya səviyyəsində dövlət dili kimi
təsbit olunması idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası
hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər
irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini
hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin
məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən
hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki,
Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada
tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş
müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin
Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı
və qorunması işi daha da gücləndirilmişdir. Bu müddəanın Konstitusiyada əks
olunması Ulu Öndərin dilimizə olan yüksək ehtiramının və milli kimliyimizin
qorunmasına göstərdiyi diqqətin bariz nümunəsidir. Heydər Əliyevin ana dili ilə
bağlı əvəzsiz fəaliyyəti vardır. Azərbaycan dilinin işləkliyinin artırılması,
rəsmi sənədlərdə, təhsildə, informasiya məkanında Azərbaycan dilinin əsas dilə
çevrilməsi, ədəbiyyat, mədəniyyət və elmdə ana dilinin mövqeyinin möhkəmləndirilməsində
Ulu Öndərin mühüm xidmətləri olmuşdur. Dahi Lider tərəfindən Azərbaycan dilinin
öyrənilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi sahəsində bir sıra
sərəncam və fərmanlar imzalanmışdır.
Səyavuş Qasımov,
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent