Məzuniyyət və ezamiyyət dövründə işçiyə verilən ödənişlər qanunvericiliklə müəyyən edilmiş formada orta əməkhaqqına əsasən hesablanır. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət günlərinin əməkhaqqını müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bəs işçinin gəlirləri baxımından ilin hansı aylarında məzuniyyətə çıxmaq, ezamiyyətə getmək daha sərfəli olar?
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov məsələyə aydınlıq gətirib.
Məzuniyyət vaxtı üçün ödənilən orta əməkaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyət dövründə orta əməkhaqqının cari ayın əməkhaqqından az və ya çox olmasına təsir göstərən bir neçə amil var. Onları aşağıdakı kimi təsnifləşdirə bilərik:
Son 12 aylıq dövrdəki gəlirlərin dinamikası
Məzuniyyət dövründə ödənilən orta əməkhaqqı son 12 aylıq dövrün qazancı əsasında hesablandığı üçün bu dövrdəki gəlirlər dəyişkəndirsə, məzuniyyət dövründə ödənilən orta əməkhaqqı cari ayın əməkhaqqından az və ya çox ola bilər.
Təsəvvür edək ki, siz 2025-ci ilin mart ayında məzuniyyətə çıxırsınız. Bu halda məzuniyyət dövründə orta əməkhaqqı hesablanan zaman hesablama üçün mart ayından əvvəlki 12 ay əsas götürüləcək. Hesablama üçün 2024-cü ilin mart ayından 2025-ci ilin mart ayına qədərki dövrdə olan 12 ayın gəliri əsas götürüləcək. Tutaq ki, son 12 aylıq dövrün gəliri aşağıdakı şəkildədir:
İl | Ay | Tarif maaşı | Mükafat | Əməkhaqqı |
2024 | Mart | 1000 | 300 | 1300 |
Aprel | 1000 | 300 | 1300 | |
May | 1000 | 300 | 1300 | |
İyun | 1000 | 500 | 1500 | |
İyul | 1000 | 500 | 1500 | |
Avqust | 1000 | 500 | 1500 | |
Sentyabr | 1.000 | 800 | 1800 | |
Oktyabr | 1.000 | 800 | 1800 | |
Noyabr | 1.000 | 800 | 1800 | |
Dekabr | 1.000 | 1000 | 2000 | |
2025 | Yanvar | 1.000 | 1000 | 2000 |
Fevral | 1.000 | 1000 | 2000 | |
| Cəmi | 12.000 | 7.800 | 19.800 |
Cədvəldən göründüyü kimi, 2024-cü ilin mart ayında işçinin əməkhaqqı 1.300 manat olub. Aydan-aya tətbiq edilən mükafat qaydaları və əməyin kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq işçi daha çox mükafat qazanıb və 2025-ci ilin fevral ayında onun əməkhaqqı məbləği 2.000 manat olub.
2025-ci ilin mart ayında işçi məzuniyyətdə olacağından ona əməkhaqqı ödənilməyəcək. Müəyyən olunmuş formada ona məzuniyyət dövrü üçün orta əməkhaqqı ödəniləcək. Məzuniyyət dövrü üçün ödənilən orta əməkhaqqı son 12 aylıq dövrün gəlirinə əsasən formalaşdığı üçün hesablama nəticəsində orta əməkhaqqı cari ayın gəlirindən az alınacaq.
19.800 : 12 = 1.650 manat.
Göründüyü kimi, 2025-ci ilin mart ayında işçi işləsəydi 2.000 manat əməkhaqqı hesablanmalı idi. Lakin o, məzuniyyətdə olduğu üçün hesablama nəticəsində məzuniyyət dövrü üçün orta aylıq əməkhaqqı 1.650 manat alınıb.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının cari əməkhaqqından artıq olması halı da mümkündür. Ümumiyyətlə, məzuniyyət vaxtı üçün orta əməkhaqqının cari əməkhaqqından az və ya çox olmasına təsir göstərən amillərdən biri son 12 aylıq dövrdə əmək haqlarının dəyişkən olmasıdır. Digəri isə məzuniyyətə çıxılan aydakı iş günlərinin az və ya çox olması ilıə bağlıdır.
İşçi məzuniyyətə çıxanda ona əməkhaqqı deyil, müəyyən olunmuş formada orta əməkhaqqı hesablandığı üçün iş günü az olan aylarda məzuniyyətə çıxdığı zaman məzuniyyət dövründə orta əməkhaqqı az olacaq. Çünki əməkhaqqı iş günlərinə görə, məzuniyyət vaxtı üçün orta əməkhaqqı isə təqvim günlərinə görə hesablanır. Yəni, iş günü az olan ayda bir iş gününə düşən qazanc daha çox olur və məzuniyyətə çıxdığımıza görə bu qazancı itiririk, əvəzində isə məzuniyyət dövrü üçün orta əməkhaqqı əldə edirik.
Misal 1: İşçi sabit olaraq aylıq 1.500 manat əməkhaqqı alır. Müqayisə üçün mart və avqust ayları üzrə məzuniyyət zamanı iş günlərinə düşən əməkhaqqı məbləğinə diqqət edək:
2024-cü ilin istehsalat təqviminə əsasən, mart ayında 15, avqust ayında isə 22 iş günü var. 1.500 manatlıq əməkhaqqı ilə mart ayında hər iş gününə 100 manat əməkhaqqı düşürsə, avqust ayında bu rəqəm 68.18 manat olur:
1.500 : 15 = 100 manat;
1.500 : 22 = 68.18 manat.
İşçi məzuniyyətə çıxmayıb işlədiyi halda, iş gününə düşən əməkhaqqı dəyişsə də nəticədə yekun əməkhaqqı eyni olur. İşçinin orta aylıq əməkhaqqının da 1.500 manat olduğunu düşünsək, bir günə düşən orta məzuniyyət haqqı 49.34 manat olacaq:
1.500 : 30.4 = 49.34 manat.
Bunu daha aydın izah etmək üçün işçinin bir həftə məzuniyyətə çıxdığı halda məzuniyyətin 5 günü iş gününə düşürsə, bunun mart (iş günü az olan) və avqust (iş günü çox olan) aylarında icra edilməsinə nəzər salaq:
Misal 2: Tutaq ki, işçi mart ayının 9-15-i tarixləri arasında və 2-8 avqust tarixlərində məzuniyyətə çıxıb. Onun əməkhaqqı və orta aylıq əməkhaqqı 1.500 manatdır. Bu halda eyni günlük məzuniyyət və eyni əməkhaqqı məbləğinə görə aylıq qazanc necə dəyişəcək?
Hər iki ayda məzuniyyətin müddəti 5 iş günü və 2 istirahət günündən ibarətdir. Qeyd edək ki, 2024-cü ilin istehsalat normasına əsasən, mart ayında 15, avqust ayında isə 22 iş günü olub:
Məzuniyyət haqqı: 1.500 : 30.4 = 49.34 manat;
49.34 x 7 = 345.38 manat.
Mart ayında əməkhaqqı: (1.500 : 15) x 12 = 1.200 manat.
Avqust ayında əməkhaqqı: (1.500 : 22 ) x 17 = 1.159.06 manat.
Beləliklə, işçinin ümumi gəliri mart ayında 1.545.38 manat, avqust ayında isə 1.504.47 manat olacaq:
345.38+1.200 = 1.545.38 manat;
345.38+1.159.06 = 1.504.44 manat.
Bir günə düşən əməkhaqqı məbləği yüksək olan aylarda işləmək, az olan aylarda məzuniyyət götürmək sərfəlidir. Başqa sözlə, iş günü az olan aylarda işləmək, çox olan aylarda məzuniyyət götürmək daha səmərəlidir. İş günü az olan aylarda bir günə düşən əməkhaqqı yüksək olduğundan, əməkhaqqından daha çox tutulma olacaq.
Gəlir dəyişməzsə...
Əgər orta aylıq əməkhaqqında artım və ya azalma olmayıbsa, məzuniyyət haqqı hər ay dəyişməz olaraq qalır.
Misal 3: İşçi 2021-ci ilin məzuniyyətini 13-29 avqust tarixlərinə planlaşdırır. 17 günlük məzuniyyətin tərkibində 6 gün istirahət günləri var. Bu zaman məzuniyyət haqqı məbləğinin nə qədər olacağına baxaq:
Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 1.200 manatdır. 2021-ci ilin iyul ayında 22 iş günü var. 13-29 avqust tarixləri məzuniyyət günləri olduğundan avqust ayında işçi 11 iş günü işləyəcək.
Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;
39.47 x 17 = 671.05 manat.
Əməkhaqqı: 1.200 : 22 = 54.55 manat:
54.55 x 11 = 600 manat.
Avqust ayı üzrə cəmi gəlir: 671.05 + 600 = 1.271.05 manat.
Göründüyü kimi, həftəsonlarının məzuniyyət günlərinə daxil edilməsi ilə işçinin məzuniyyət haqqında artım oldu. Amma bu halda işçinin daha çox məzuniyyət günü istifadə edildi.
Misal 4: Yuxarıdakı nümunəyə uyğun olaraq, məzuniyyət 2-18 avqust tarixləri arasında olsaydı, bu zaman əməkhaqqının hesablanması aşağıdakı şəkildə olardı:
Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;
39.47 x 17 = 671.05 manat.
Əməkhaqqı: 1.200 : 22 = 54.55 manat;
54.55 x 9 = 490.91 manat.
Avqust ayı üzrə cəmi gəlir: 671.05 + 490.91 = 1.161.96 manat.
Nümunələrdəki hər iki halda işçi 17 təqvim günü əmək məzuniyyəti hüququndan istifadə etsə də məzuniyyət tarixlərinə uyğun gəlir də fərqli olacaq.
Misal 5: Eyni işçi məzuniyyəti 3-19 may tarixləri arasında götürsə, məzuniyyət haqqı əməkhaqqına nisbətdə necə dəyişəcək?
Tutaq ki, may ayının 9-u Qələbə günü, 13 və 14-ü isə Ramazan bayramı olduğundan 3 gün məzuniyyət müddətinə daxil edilməyəcək. Yəni, işçi 20 may tarixdə deyil, 24 may tarixdə işə çıxacaq.
Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;
39.47 x 17 = 671.05 manat.
Əməkhaqqı: 1.200 : 16 = 75 manat;
75 x 5 = 375 manat.
May ayı üzrə cəmi gəlir: 671.05 + 375 = 1.046.05 manat.
Beləliklə, iş günü çox olan aylarda bir iş gününə düşən əməkhaqqı az olacağından həmin aylarda məzuniyyətə çıxmaq daha sərfəli, iş günü az olan aylarda isə bir iş gününə düşən əməkhaqqı yüksək olacağından işləmək daha sərfəlidir. Məzuniyyət haqqı isə təqvim günlərinə əsasən hesablandığı üçün hansı ayda götürməkdən asılı olmayaraq, eyni olacaq.
Ezamiyyətin vaxtı
İşçinin ezamiyyətə göndərilmə tarixi də onun aylıq qazancının az və ya çox olmasına təsir göstərə bilər. Ezamiyyət dövründə işçiyə müəyyən olunmuş qaydada orta əməkhaqqı ödənilir. Ezamiyyətdə olduğu, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.
Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Bu halda, son iki aylıq dövrdə qazancın az və ya çox olması orta əməkhaqqının cari ayın qazançından az və ya çox olmasına təsir göstərəcək. Həmçinin, son iki aylıq dövrdəki iş günlərinin sayı və cari aydakı iş günlərinin sayı orta əməkhaqqının məbləğinə təsir göstərəcək.
Nəticə etibarilə istər məzuniyyət dövründə orta əməkhaqqı, istərsə də ezamiyyət dövrü üçün orta əməkhaqqının işçinin cari ayının qazancından artıq olmasına təsir göstərən iki amil var:
1. Əvvəlki aylarda qazanc cari aydan daha az olmuşdursa, orta əməkhaqqı az çıxa bilər. Yəni, qazanc artan dinamika ilə inkişaf edirsə, orta əməkhaqqı əvvəlki ayların qazancına əsasən hesablandığına görə, orta əməkhaqqı saxlanılan ayda qazanc daha aşağı olacaq.
2. İş günlərinin az və ya çox olması. Məzuniyyətə çıxanda orta əməkhaqqının çox olması üçün iş günləri çox olan aylarda çıxmaq daha sərfəlidir. İş günləri az olan aylarda bir iş gününə düşən əməkhaqqı daha çox olacağı üçün məzuniyyətə çıxdığınız ayda qazancınız daha az olacaq.©vergilər.az