ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında gözlənilən görüşlə bağlı müxtəlif ehtimallar səsləndirilir.
Rusiyalı ekspertlər mümkün üçtərəfli təmasları “ikinci Yalta” adlandırmağa çalışsalar da, politoloq Elxan Şahinoğlu hesab edir ki, mövcud beynəlxalq reallıqlar belə bir razılaşmanın əldə olunmasını çətinləşdirir.
News365.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Çin arasında ciddi fikir ayrılıqları mövcuddur və bu dövlətlərin bir görüş çərçivəsində dünya üçün yeni oyun qaydalarını müəyyənləşdirməsi real görünmür.
Şahinoğlu xatırladıb ki, 1945-ci ildə Yalta konfransında ABŞ, Böyük Britaniya və SSRİ liderləri nasist Almaniyasına qarşı müttəfiq olduqları və müharibədən sonrakı Avropanın gələcəyini müəyyənləşdirməli olduqları üçün razılığa gəlmişdilər. Hazırda isə Vaşinqton, Moskva və Pekin arasında belə bir ittifaq və ortaq maraqlar mövcud deyil.
Politoloq üç liderin daxili siyasi vəziyyətinin də mümkün razılaşmaya təsir etdiyini vurğulayıb. Onun fikrincə, ABŞ-da Konqresə keçirilən ara seçkilərdən sonra Donald Trampın mövqeyinin zəifləməsi onun xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırıb.
Şahinoğlu həmçinin Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrin Vladimir Putinin nüfuzuna təsir etdiyini qeyd edib. O bildirib ki, Kreml uzun müddət Krım körpüsünün təhlükəsizliyi ilə bağlı təbliğat aparsa da, baş verən hadisələr bu iddiaları sual altına qoyub.
Çindəki vəziyyətə toxunan politoloq Si Cinpinin korrupsiya ilə mübarizə çərçivəsində Kommunist Partiyasındakı rəqiblərini və yüksək rütbəli hərbçiləri neytrallaşdırdığını bildirib. Onun qənaətinə görə, Si Cinpinin növbəti qurultayda yenidən sədr seçilməsi ehtimalı yüksək olsa da, hakimiyyətdə qalmaq cəhdləri partiya daxilində yeni rəqiblərin meydana çıxmasına səbəb ola bilər.
Elxan Şahinoğlu hesab edir ki, üç ölkə liderinin Rusiya-Ukrayna müharibəsi və İran məsələsində ortaq mövqeyə gəlməsi də çətin olacaq. Onun fikrincə, Moskva müharibəni dayandırmaq niyyətində deyil, Pekin isə bu məsələnin üçtərəfli görüşdə müzakirəsində maraqlı görünmür. Eyni zamanda, Rusiya və Çin İran rejiminin hakimiyyətdə qalmasını istəyir.
Politoloq APEC sammiti çərçivəsində Donald Tramp və Si Cinpin arasında keçiriləcək görüşdə süni intellekt sahəsində rəqabətin də əsas müzakirə mövzularından biri olacağını gözləyir.
O qeyd edib ki, Rusiya bu sahədə ABŞ və Çindən geri qalır. Vaşinqton və Pekin isə süni intellekt texnologiyaları üzrə ciddi rəqabət aparırlar.
Şahinoğlunun sözlərinə görə, ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun Çinlə danışıqlardan süni intellekt sahəsində ikitərəfli dialoqu inkişaf etdirmək üçün istifadə etmək niyyətində olduğunu açıqlayıb. Bununla belə, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
Politoloq əlavə edib ki, ABŞ Çinin qabaqcıl texnologiyalara, xüsusilə müasir çiplərə çıxışını məhdudlaşdırmağa çalışır. Pekin isə bu məhdudiyyətləri aşmaq üçün alternativ yollar axtarmaqda davam edəcək. Onun fikrincə, Vaşinqton süni intellekt sahəsində liderliyini qorumaq məqsədilə texnologiya ixracına nəzarəti daha da gücləndirəcək.