COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir

COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir
10:30

COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq, qoxu hissi tam bərpa olunmayıb.

News365.az xəbər verir ki, alimlər COVID-19-dan sonra qoxu hissini itirmiş və xəstələrin milli bazasına daxil edilmiş 2 mindən çox insanın məlumatlarını təhlil ediblər.

İki il davam etmiş müşahidənin nəticələrinə görə, iştirakçıların 38 faizində qoxu hissinin tam, 54 faizində isə qismən bərpa olunduğu qeydə alınıb. Daha 7 faiz iştirakçı qoxu hissinin bərpa olunmadığını və ya vəziyyətinin pisləşdiyini bildirib.

Ötən ilədək qoxu hissi tam bərpa olunan iştirakçıların payı 44 faizə yüksəlib. İştirakçıların 48 faizi qoxu hissinin qismən bərpa olunduğunu bildirib. 7 faizində isə problem davam edib və ya vəziyyət pisləşib.

Tədqiqat zamanı qoxu hissinin bərpasının yaşdan asılı olduğu da müəyyən edilib. 40 yaşdan aşağı iştirakçıların 62 faizində qoxuları ayırd etmək qabiliyyətini tam bərpa etmək mümkün olduğu halda, daha yaşlı insanlar arasında bu göstərici 34 faiz təşkil edib. Tədqiqatçıların fikrincə, bunun mümkün səbəblərindən biri yaş artdıqca qoxu sisteminin hüceyrələrinin regenerasiya qabiliyyətinin azalmasıdır.

Mütəxəssislər qoxu hissinin bərpası üsullarından biri kimi qoxu təlimini qeyd edirlər. Bu üsul sinir yollarını stimullaşdırmaq məqsədilə müxtəlif qoxuların müntəzəm olaraq hiss etdirilməsini nəzərdə tutur.

Tədqiqatın müəllifləri COVID-19-un nəticələrindən biri olaraq qalan uzunmüddətli qoxu hissi itkisinin müalicəsi üçün daha effektiv üsulların hazırlanmasının zəruriliyini vurğulayırlar.


Sizin reklam burada
Sizin reklam burada