“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kipr Türk Respublikasına (ŞKTR) işgüzar səfər edib.
News365.az xəbər verir ki, səfər çərçivəsində Aqil Ələsgər ŞKTR Prezidenti Tufan Ərhürman və Baş nazir Ünal Üstəllə keçirilən görüşlərdə iştirak edib.
Prezident Tufan Ərhürmanla görüşdə nümayəndə heyətinə TİMBİR-in sədri Süleyman Basa, Baş nazir Ünal Üstəllə görüşdə isə birinci sədr müavini Cüneyt Altıparmak rəhbərlik edib.
Görüşlər zamanı Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişafı, türk dünyasında media əməkdaşlığının genişləndirilməsi, informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Aqil Ələsgər Prezident Tufan Ərhürmana və Baş nazir Ünal Üstəllə Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri təqdim edib.
O, həmçinin ŞKTR-in yaradılmasının 43-cü ildönümü – Cümhuriyyət Bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda iştirak edib.
Prezident Tufan Ərhürmanın ev sahibliyi ilə keçirilən tədbirə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, ŞKTR Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər, Baş nazir Ünal Üstəl və digər rəsmi şəxslər qatılıblar.
Səfər çərçivəsində Aqil Ələsgərlə Şimali Kiprin ilk özəl radio və televiziya qurumlarından biri olan “Genç TV”nin rəhbəri Ərtan Birinci arasında da görüş keçirilib.
Görüşdə “Yeni Çağ” Media Qrupu ilə “Genç TV” arasında əməkdaşlığın inkişaf etdirilməsi, ortaq yayımların təşkili, qarşılıqlı informasiya mübadiləsi və birgə media layihələrinin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.