Etibar Əliyevdən Fərhad Bədəlbəyliyə sərt ittihamlar

Etibar Əliyevdən Fərhad Bədəlbəyliyə sərt ittihamlar
12:46

Təhsil eksperti Etibar Əliyev Bakı Musiqi Akademiyasının fəaliyyəti və rektor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə bağlı tənqidi fikirlər səsləndirib. O, akademiyada idarəçilikdən tutmuş musiqi təhsilinin vəziyyətinə qədər bir sıra məsələləri gündəmə gətirərək, vaxtilə Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin səsləndirdiyi narazılıqları xatırladıb.

News365.az xəbər verir ki, Etibar Əliyev paylaşımında Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının son illərdəki fəaliyyəti və idarəçilik modeli ilə bağlı iradlarını bölüşüb.

Ekspertin sözlərinə görə, zəngin tarixə malik təhsil müəssisəsinə 1991-ci ildən Fərhad Bədəlbəyli rəhbərlik edir. O, rektorun təşəbbüsü ilə Üzeyir Hacıbəyov adına Konservatoriyanın adının Bakı Musiqi Akademiyası ilə əvəzlənməsini də tənqid edib.

Etibar Əliyev bu məsələdə bəstəkar Xəyyam Mirzəzadənin vaxtilə səsləndirdiyi fikirlərə diqqət çəkib. Mirzəzadə Konservatoriyanın adının dəyişdirilməsinin əhəmiyyətli olmadığını, əsas məsələnin təhsilin keyfiyyətinin yüksəldilməsi olduğunu bildirmişdi:

“Mənim işlədiyim yeganə yer Konservatoriya olub. İndi akademiya deyirlər. Amma onun əsl adı elə konservatoriyadır. Çünki akademiya və konservatoriya ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin mənası yoxdur. Adı dəyişdirməkdənsə, keyfiyyəti dəyişdirmək lazımdır”.

Ekspert paylaşımında Akademiyanın Opera studiyasının istifadəsi ilə bağlı da ciddi iddialar irəli sürüb. O, studiyanın bəzi hissələrinin restoran və “Musiqi qalereyası” kimi istifadə edildiyini, həmçinin obyektlərdən birinin yaxınlıqdakı səkiyə müdaxilə etdiyini iddia edib.

Etibar Əliyev Akademiyada çalışan müəllimlərdən birinin ona söylədiyi fikirləri də paylaşıb. Həmin müəllimin iddiasına görə, rektor vətəndaşların qəbuluna kifayət qədər vaxt ayırmır, auditoriyalarda dərslərdə iştirak etmir, istedadlı musiqiçilər isə təhsil müəssisəsindən uzaqlaşdırılır.

Təhsil eksperti Xəyyam Mirzəzadənin Konservatoriyadan ayrılması ilə bağlı xatirələrini də yada salıb. Bəstəkar vaxtilə musiqi təhsilinin vəziyyətindən narazılığını ifadə edərək rəhbərliyin istedadlı mütəxəssislərə münasibətini tənqid etmişdi.

Etibar Əliyev paylaşımının sonunda bildirib ki, Fərhad Bədəlbəylinin musiqiçi kimi tanınması onun rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı tənqidlərdən kənarda qalmasına əsas vermir. Ekspertin fikrincə, Üzeyir Hacıbəyovun adını daşıyan Akademiya hər hansı şəxsin deyil, Azərbaycan xalqının milli-mədəni dəyəridir.

Qeyd edək ki, paylaşımda səsləndirilən iddialarla bağlı Fərhad Bədəlbəylinin və Bakı Musiqi Akademiyasının mövqeyi təqdim olunmayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada