42 il uşaq bağçasında çalışan Füzuli sakininin 323 manat pensiya almasının səbəbi məlum olub.
Onun pensiya məbləğinin az olmasından narazılığı ilə bağlı müraciətə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) münasibət bildirilib.
News365.az xəbər verir ki, Füzuli rayon sakini Hüseynova Nazilə Əbdül qızı 1983-cü ildən rayonun Kərimbəyli kəndində yerləşən uşaq bağçasında çalışdığını, 42 illik iş təcrübəsinə baxmayaraq, cəmi 320 manat pensiya aldığını bildirib.
DSMF-dən saytımıza verilən məlumata görə, hazırda vətəndaşa 323,63 manat məbləğində yaşa görə əmək pensiyası ödənilir. Onun pensiyası 2026-cı il iyulun 6-dan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar yenidən hesablanıb və həmin məbləğ müəyyən edilib.
Qurumdan bildirilib ki, N.Hüseynovanın 2026-cı il sentyabrın 17-də etdiyi rəsmi müraciət əsasında əmək pensiyasına dair məlumatlara təkrar baxılıb.
Araşdırma zamanı məlum olub ki, vətəndaşın təqdim etdiyi əmək kitabçası dublikat olsa da, sənəddə bu barədə müvafiq qeyd aparılmayıb. Bundan başqa, əmək kitabçasında 1983-cü ildən etibarən edilən qeydlər həmin dövrdə istifadə olunmayan latın qrafikalı hərflərlə yazılıb. Qeydlərdə gün, ay və əmr nömrələri də göstərilməyib.
DSMF qeyd olunan uyğunsuzluqları əsas gətirərək 1983-cü ildən 2006-cı il yanvarın 1-dək olan müddətin vətəndaşın sığorta stajına daxil edilmədiyini açıqlayıb.
Qurumun məlumatına əsasən, son müraciət əsasında aparılan təkrar hesablamadan sonra da pensiyanın məbləğində dəyişiklik olmayıb.