Putinin Ukrayna ilə bağlı sərt şərtləri: Moskva Avropadan nə istəyir?

Putinin Ukrayna ilə bağlı sərt şərtləri: Moskva Avropadan nə istəyir?
12:40

Rusiya Ukrayna ilə bağlı danışıqlarda Avropa İttifaqının iştirakına qarşı çıxır və bunun üçün konkret şərtlər irəli sürür. Moskva hesab edir ki, Avropa ölkələri Kiyevə hərbi və siyasi dəstəyi dayandırmadan danışıqlar masasında yer almamalıdır. ABŞ-ın isə müharibənin dayandırılması istiqamətində yeni diplomatik təşəbbüslərə hazırlaşdığı bildirilir.

News365.az xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, Vaşinqton Rusiya ilə Avropada yeni təhlükəsizlik sazişinin hazırlanmasını müzakirə edir. Təklif olunan sənəddə Moskvanın tələblərinin nəzərə alınması və regionda gərginliyin azaldılmasına yönələn tədbirlərin əksini tapması nəzərdə tutulur.


Məlumata əsasən, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin cümə axşamı Moskvaya səfəri planlaşdırılır. Onların Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Avropa ölkələrinin gələcək sülh danışıqlarına cəlb olunması məsələsinin də müzakirə ediləcəyi gözlənilir.

Bəs Moskvanın irəli sürdüyü tələblər nədən ibarətdir və Rusiya hansı halda Avropa İttifaqının danışıqlarda iştirakına razılıq verə bilər?

Mövzu ilə bağlı News365.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu hesab edir ki, ABŞ-da Respublikaçılar Partiyasının aralıq seçkilərində mövqelərini itirməsi Rusiya üçün də arzuolunmaz ssenaridir.

Onun sözlərinə görə, Demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük əldə etməsi, iki ildən sonra keçiriləcək prezident seçkilərinin nəticələri ilə bağlı da müəyyən ehtimallar yaradır. Bu isə Moskvanın maraqlarına uyğun deyil.

Politoloq bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtonun Ukraynaya hərbi yardımını əhəmiyyətli dərəcədə azaldıb, silah tədarükünün maliyyə yükünün böyük hissəsini Avropanın üzərinə yönəldib. Eyni zamanda, Kiyevə siyasi təzyiqlər artıb və Rusiyanın hərbi təzyiq imkanları genişlənib.

Ə.Zülfüqaroğlunun fikrincə, Demokratlar növbəti prezident seçkilərində qalib gələrək Ağ Evə qayıdarsa, ABŞ-ın Ukraynaya dəstəyini yenidən artırması ehtimalı Moskva üçün ciddi çətinliklər yarada bilər. Buna görə də Tramp İran məsələsində üzləşdiyi uğursuzluqlardan sonra Ukrayna müharibəsində nəticə əldə etməyə və bununla ölkə daxilində ictimai dəstəyi gücləndirməyə çalışır.

Siyasi şərhçi hesab edir ki, bu səbəbdən Vaşinqtonun yaxın dövrdə Ukrayna məsələsində diplomatik fəallığını artırması gözləniləndir. Lakin danışıqların qarşısındakı əsas maneə Rusiyanın irəli sürdüyü şərtlərdir.

Onun sözlərinə görə, Moskva müvəqqəti atəşkəsdən daha çox, münaqişənin öz şərtləri əsasında birdəfəlik həllində maraqlıdır. Rusiya hesab edir ki, atəşkəs Ukraynaya hərbi imkanlarını bərpa etmək və güclənmək üçün vaxt qazandıra bilər.

Ə.Zülfüqaroğlu Rusiyanın tələblərinin Ukrayna üçün qəbuledilməz olduğunu vurğulayıb. Bu tələblərə Kiyevin NATO-ya üzvlük məsələsini gündəmdən çıxarması, alternativ təhlükəsizlik təminatlarını qəbul etməməsi, Donbası tamamilə boşaltması, həmçinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini Rusiyanın ərazisi kimi hüquqi baxımdan tanıması daxildir. Moskva, eyni zamanda, Ukraynada seçkilərin keçirilməsini də tələb edir.

Politoloq qeyd edib ki, Kiyev bu şərtləri qəbul etmir və ilk növbədə atəşkəsin əldə olunmasını, bundan sonra isə danışıqların başlanmasını istəyir.

Avropa İttifaqının mövqeyinə toxunan ekspert bildirib ki, hazırda Ukraynaya ciddi dəstək göstərən əsas qüvvə məhz Avropadır. Brüssel hesab edir ki, Kiyevin hərbi-siyasi təzyiq altında güzəştlərə məcbur edilməsi bütövlükdə Avropa İttifaqının strateji məğlubiyyəti ilə nəticələnə bilər. Belə bir vəziyyətin Rusiyanın gələcəkdə Avropaya qarşı təzyiqlərini artırmasına zəmin yaradacağı düşünülür.

Ə.Zülfüqaroğlunun fikrincə, Avropa İttifaqının ABŞ-dan daha müstəqil siyasət yürütmək və qlobal proseslərdə ayrıca geosiyasi gücə çevrilmək cəhdləri də Vaşinqtonla Moskvanın maraqlarının müəyyən məqamlarda üst-üstə düşməsinə səbəb olur. Bu baxımdan, Ukrayna müharibəsinin həlli yalnız Rusiya ilə ABŞ arasındakı razılaşmadan deyil, Vaşinqton və Brüssel arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasından da asılıdır.

Siyasi şərhçi vurğulayıb ki, Rusiya Avropa İttifaqını müharibənin iştirakçısı kimi qiymətləndirdiyindən onun danışıqlarda yer almasını istəmir. Moskvanın mövqeyinə görə, Avropa ölkələri Ukraynaya dəstəyi tamamilə dayandıracağı təqdirdə danışıqlar prosesinə qoşula bilər. Bunun üçün isə ABŞ-la da ortaq mövqeyin razılaşdırılması vacibdir.

Ekspertin qənaətinə görə, qarşıdakı qış aylarında cəbhədə qarşılıqlı hücumların daha da intensivləşməsi mümkündür. Rusiya hərbi yolla nəticə əldə etməyə çalışacaq, Avropa İttifaqı isə ABŞ-da növbəti prezident seçkilərinə qədər Ukraynanın məğlubiyyətinin qarşısını almaq üçün Kiyevə yardımını davam etdirəcək.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada