Paşinyan deputatlara hədə-qorxu gəldi: “Əllərini qıracağıq!”

Paşinyan deputatlara hədə-qorxu gəldi: “Əllərini qıracağıq!”
15:36

“Hadisənin necə başladığını gördüm. Kimsə deputata zərbə vurmaq və ya başqa bir hərəkət etmək üçün əlini uzada biləcəyini düşünürsə, biz o əli qıracağıq. Bunu açıq deyirəm”.

News365.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində deyib.

“Lazım gəlsə, stulla qıracağıq. Qoy yerlərini bilsinlər. Hər şeyin bir həddi var. Onların özündənrazı nümayəndəsi parlamentin kürsüsündən danışanda “Vətəndaş müqaviləsi” baş verənlərə qiymət verilməsini tələb edirdi. Qiymət vermədilər, indi isə öz hərəkətlərinin nəticələrini görsünlər.

Bundan sonra belə olacaq: özlərini necə aparacaqlarsa, eyni şəkildə də cavab alacaqlar”, – deyə Paşinyan bildirib.

Əvvəlki çağırış parlamentin iclaslarından birində baş vermiş insidentlə bağlı suala cavab verən baş nazir deyib:

“Siz düşünürsünüz ki, korrupsioner cinayətkarlardan ibarət hansısa qrup parlamentdə baş nazirə butulka ata bilərdi və onların üzünü əzən olmazdı? Bunu necə təsəvvür edirsiniz?”

Xatırladaq ki, oktyabrın 29-da Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə “Güclü Ermənistan” blokunun nümayəndələri arasında dava baş verib.

İnsidentə əvvəlcə “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Taron Çaxoyanın çıxışı zamanı yaranan gərginlik səbəb olub. Parlamentdə sözlü mübahisə ilə başlayan qarşıdurma daha sonra əlbəyaxa davaya çevrilib.

Dava zamanı parlament sədrinin müavini Vaahn Aleksanyan müxalifət deputatlarına stul atıb. “Güclü Ermənistan” blokunun deputatı Andranik Gevorgyanın burnu qanayıb, Ruben Mxitaryanın isə paltarı cırılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib.

Parlament sədri Ruben Rubinyan isə əvvəlcə bir neçə dəqiqə dava-dalaşı səssizcə izləyib, daha sonra yalnız fasilə elan edərək mühafizə xidmətini zala çağırıb. Deputatlar mübahisəni dəhlizdə davam etdiriblər.


Sizin reklam burada
Sizin reklam burada