Onlara hökm oxundu - DTX tərəfindən saxlanılanlar

Onlara hökm oxundu - DTX tərəfindən saxlanılanlar
11:15

Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News365.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Vüqar Nəcəfli və Camal Gözəlov 9 il 6 ay, Tofiq Yusifli və Dadaş Həşimov 8 il 6 ay, Məhəmməd Hüseynli və Tural Ağayev 13 il, Müşfiq Həşimov 10 il, Mir Cavad Hüseynli isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Aparılan araşdırmalarla müəyyən edilib ki, terrorçuluq cinayətlərini törətmək məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan vətəndaşları Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləniblər.

Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etdikləri, həmçinin cinayətkar məqsədlərlə silahlı təlimlər keçdikləri müəyyən olunub.

DTX-nin tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan şəxslər xarici ölkələrin ərazilərində saxlanılaraq Azərbaycana gətiriliblər.

Bundan başqa, araşdırmalar zamanı Tofiq Yusifli və Dadaş Həşimovun terrorçuluq fəaliyyətinin Azərbaycan vətəndaşları Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, eləcə də sonuncuların digər cinayət əməllərinin aşkarlandığı bildirilib.

Cinayətkar dəstənin üzvləri Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə və ya mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və digər nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma və dini ayinlərin icrası adı altında dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada