Dekabrdan qiymətlər arta bilər: İqtisadçıdan bahalaşma xəbərdarlığı

Dekabrdan qiymətlər arta bilər: İqtisadçıdan bahalaşma xəbərdarlığı
13:20

Dünyada artan logistika xərcləri, enerji daşıyıcılarının bahalaşması və istehsal məsrəflərinin yüksəlməsi Azərbaycanda da qiymətlərə təsirsiz ötüşməyə bilər. İdxaldan asılı olan ölkələr üçün bu proseslər əlavə inflyasiya təzyiqi yaradır. Azərbaycanda yerli istehsalın idxalı əvəzləmək üçün kifayət qədər genişlənməməsi isə xarici bazarlarda baş verən dəyişikliklərin daxili qiymətlərə təsirini daha da artırır.

İqtisadçı Natiq Cəfərli bu barədəNews365.az-a açıqlamasında danışıb.


Onun sözlərinə görə, beynəlxalq bazarlarda logistika xidmətlərinin qiymətinin artması, enerji resurslarının bahalaşması və istehsal xərclərinin yüksəlməsi nəticədə idxal inflyasiyası şəklində Azərbaycana ötürülür. İqtisadçı hesab edir ki, bu təsir qarşıdakı dövrdə də davam edə bilər.

Natiq Cəfərli bildirib ki, idxaldan asılı olan məhsulların qiymətində nə qədər artım olacağını əvvəlcədən dəqiq müəyyənləşdirmək çətindir. Çünki qiymətlərə təsir göstərən proseslər Azərbaycanın özündən deyil, əsasən beynəlxalq bazarlardakı vəziyyətdən asılıdır.

İqtisadçının fikrincə, bu risklərin azaldılması üçün əsas istiqamətlərdən biri yerli istehsalın genişləndirilməsidir. O, uzun müddətdir bu məsələnin müzakirə olunduğunu, lakin ölkədə yerli istehsalın arzuolunan səviyyədə artmadığını vurğulayıb.

Natiq Cəfərli qeyd edib ki, qlobal iqtisadi proseslərin hazırkı gedişatı nəzərə alınarsa, dekabr ayından etibarən idxal məhsullarının qiymət artımı daha da sürətlənə bilər.

Beləliklə, qarşıdakı aylarda dünya bazarlarında qiymətlərin və daşınma xərclərinin necə dəyişməsi Azərbaycanda idxal məhsullarının bahalaşmasına təsir edən əsas amillərdən biri olaraq qalacaq.


Sizin reklam burada
Sizin reklam burada