Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında yaranan soyuqluq davam edir. Rəsmi İrəvan təşkilatla münasibətlərdə mövqeyini dəyişmək niyyətində olmadığını və üzvlüyün bərpasını gündəmə gətirmədiyini bəyan edib.
News365.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniyanın xarici işlər və Avropa işləri naziri Tanja Fajon ilə görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Mirzoyan bildirib ki, Ermənistan KTMT-nin fəaliyyətində iştirakını dayandırmaqla bağlı qərarından geri çəkilməyəcək.
“Biz bu strukturun fəaliyyətində iştirakımızı çoxdan dayandırmışıq və üzvlüyümüzü dondurmuşuq. Mövqeyimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağı planlaşdırmırıq”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralından etibarən KTMT-də iştirakını dondurub. İrəvanın son açıqlaması təşkilata qayıdışın yaxın perspektivdə nəzərdə tutulmadığını bir daha təsdiqləyir.
News365.az