Həzrət Muhəmməd Peyğəmbərin qızı, İslamın həya timsalı, ismət mücəssəməsi Fatimə əz Zəhranın həyatı hər bir müsəlman qadın üçün örnək olmalıdır. Peyğəmbər qızı olmasının məsuliyyəti ilə yanaşı öz fitrətindən doğan həyası, anası Xədicə xanımın səxavəti ilə yoğrulub ömür yoldaşı Həzrət Əlinin qeyrəti, heybəti və ali ülvi dəyərləri ilə taclanmışdı.
Xanım Fatimə məhz Peyğəmbərin qızı, İmam Əlinin həyat yoldaşı olmasına görə üstün tutulmur. Soy bağı və Peyğəmbər qızı olması onun sadəcə bir fəzilətidir. Onun əsas üstünlüyü və fəziləti Quran meyarlarına görə; öz imanına, təqvasına, ismətinə, səbrinə, nümunəvi əxlaqına, mərhəmətinə görədir.
Atası Peyğəmbər, anası və həyat yoldaşı ilk müsəlmanlardır. Anası və ömür yoldaşı atasının imaməti ilə ilk namaz qılanlardır. Özünün fiziki ömrü qısa olsa da mənəvi ömrü çox uzundur. Ona görə ki, hələ də müsəlmanlar onun adını övladlarına vermək üçün yarışır, mömin xanımlar həyatlarını onun həyatına bənzəməyə çalışır, onun məhəbbətini hətta züryətlərinin məhəbbətindən üstün tuturlar...
Onun haqda çox söz demək, yazmaq olar. Minlərlə kitab yazılıb, söz deyilib. Lakin ən üstünü Allahın sözüdür. Quran onu "Allahdan razı, Allahın da ondan razı" qaldığı adam olaraq nümunə verir. İsmi Quranda keçməz, Mənası keçər... Məna isə addan üstündür. İbn Ərəbi demişkən, Mənada söz yoxdur. Daha doğrusu Məna anlaşılan yerdə sözə ehtiyac yoxdur.
Bəzən bir şəxsi müqayisə edəndə deyirlər: nə iş görüb, hansı elmi kəşf edib, hansı kitabı yazıb, hansı məktəbi açıb? Həzrət Fatimə elmi kəşf etməyib, çünki onun özü, ömrü, həyatı bir elmi kəşfdir, axtaran üçün ixtiradır. Kitab yazmayıb, çünki onun özü kitab idi. İsmət, həya, səbr kitabı... Məktəb də açmayıb. Ona görə ki, özü məktəb idi. Namus, ar, mərhəmət, məhəbbət, səxavət, həya və həyat məktəbi...
Adamlar var ki, başqalarına yazdığı kitablarla, açdığı məktəblə yol göstərir, töhfə verir. Adamlar da var ki, öz, yaşamları, əməlləri, davranışları, etdikləri bir kitab olur, kitablara çevrilir, məktəbə dönüşür...
Həzrət Fatimə bax belə insan idi. Qısa ömrü ilə elə bir örnək, nümunə qoyub gedib ki, onun irsi, isməti hələ də qızıl əxlaq meyarları olaraq qalmaqdadır. Bir ərəb şairinin onun haqda dediyi sözü ən qiymətli hesab edirəm. Bəlkə də haçansa xatırlatmışam, amma o sözü hələ ki, özümdə saxlayıram və Zəhranı hər dəfə xatırlayanda o beyti mütləq xatırlayıram.
Ruhuna salamlar olsun!
Tural Irfan, dinşünas