Mərkəzi Bankdan inflyasiya proqnozu: 2027-ci ildə qiymət artımı neçə faiz olacaq?

Mərkəzi Bankdan inflyasiya proqnozu: 2027-ci ildə qiymət artımı neçə faiz olacaq?
11:35

Azərbaycanda qiymət artımının qarşıdakı iki ildə hansı səviyyədə olacağı ilə bağlı proqnoz açıqlanıb. Mərkəzi Bankın gözləntilərinə görə, 2026-cı ilin sonunda olduğu kimi, 2027-ci ilin sonunda da illik inflyasiyanın 5,9 faiz təşkil edəcəyi ehtimal olunur.

News365.az Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında məlumat verilib.

Qurumun oktyabr ayı üzrə baza ssenarisinə əsasən, inflyasiya ilə bağlı gözləntilər əvvəlki proqnozlarla müqayisədə müəyyən qədər dəyişib. Belə ki, 2026-cı il üçün proqnoz iyul ayı ilə müqayisədə 0,2 faiz bəndi azaldılıb, 2027-ci il üzrə gözlənti isə 0,1 faiz bəndi artırılıb.

Mərkəzi Bankın baza ssenarisində dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin dəyişməyəcəyi nəzərdə tutulur.

Qurum inflyasiyaya təsir edə biləcək əsas amillər arasında beynəlxalq iqtisadi mühitdəki qeyri-müəyyənlikləri göstərir. Xüsusilə qlobal geosiyasi gərginliklər səbəbindən enerji və ərzaq məhsullarının bahalaşması Azərbaycanda da qiymətlərə təsir göstərə bilər.

Mərkəzi Bankın qiymətləndirməsinə görə, əsas ticarət tərəfdaşlarında qiymət artımının daxili bazara ötürülməsi riski qalmaqdadır. Bu təsirin miqyası isə bir sıra amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin necə dəyişəcəyindən də asılı olacaq.

Qurum növbəti dövrdə inflyasiya proqnozlarına beynəlxalq risklərin hansı səviyyədə reallaşmasına uyğun olaraq yenidən baxacaq.

Açıqlamada, həmçinin bildirilib ki, mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir.


Sizin reklam burada
Sizin reklam burada