Avstraliyanın ucqar bölgəsində metal detektoru ilə qızıl axtaran bir şəxs təsadüfən böyük sərvətə rast gəlib. Bir neçə gün davam edən axtarışlardan sonra tapılan qızıl külçəsinin dəyərinin təxminən 160 min dollar olduğu bildirilir.
News365.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Adının açıqlanmasını istəməyən şəxs Avstraliyanın Tibooburra şəhəri yaxınlığında bir neçə gün ərzində metal detektoru ilə axtarış aparıb. Onun sözlərinə görə, belə axtarışlar zamanı əsasən mismar, nal və digər yararsız metal əşyalarla qarşılaşmaq adi haldır.
“Çoxlu zibil qazıb çıxarırsan — mismarlar, nallar”, – deyə o bildirib.
Hadisə oktyabrın ortalarında, axtarışı həmin gün üçün başa çatdırmağa hazırlaşdığı vaxt baş verib. Metal detektoru siqnal verdikdən sonra torpağı təxminən 10 santimetr qazıb və parlaq sarı rəngli qızıl külçəsi aşkar edib. O, külçənin yanından az qala fərqinə varmadan keçəcəyini də söyləyib.
Tapılan külçənin çəkisinin 1,2 kiloqramdan çox olduğu, tərkibində isə təxminən 940 qram saf qızılın olduğu bildirilir. Mövcud bazar qiymətləri əsasında onun dəyəri təxminən 160 min dollar hesablanıb.
News365.az
Metal detektorları satan şirkətin nümayəndəsi Qreq Spangler bildirib ki, 20 illik fəaliyyəti ərzində yalnız bir dəfə başqa bir şəxsin bir kiloqramdan ağır qızıl külçəsi tapmasının şahidi olub. Onun sözlərinə görə, axtarış aparanların əksəriyyəti yalnız xırda qızıl hissəcikləri aşkarlayır.
“Zarafatla ‘Uns klubumuz’ var, amma ‘Kilo klubuna’ daxil olanların sayı çox deyil”, – deyə Spangler bildirib.
O, bu il qızılın qiymətinin sürətlə artmasının qızıl axtarışına marağı da artırdığını vurğulayıb. Bununla yanaşı, Spangler qeyd edib ki, bu məşğuliyyət insanlara təkcə qazanc əldə etmək imkanı deyil, həm də təmiz havada vaxt keçirmək və sakitlik tapmaq fürsəti verir.
“Səhər yuxudan oyanırsan və günəşin doğuşunu ilk görənlərdən biri olursan. Bu, çox sakitləşdirici hissdir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Tibooburra ətrafında qızıl axtarışları 1880-ci illərin sonlarından etibarən aparılır və bu gün də turistlər arasında populyarlığını qoruyur. Hazırda yerli əhalinin torpaq hüquqları ilə bağlı məhkəmə proseslərinə görə dövlət torpaqlarında qızıl axtarışı müvəqqəti dayandırılıb. Bununla belə, bəzi özəl torpaq sahələrində müəyyən ödəniş müqabilində bu fəaliyyətə icazə verilir.