Avropasız sülh mümkün olmayacaq? - ŞƏRH

Avropasız sülh mümkün olmayacaq? - ŞƏRH
13:45

Ukrayna müharibəsinin taleyi ilə bağlı qərarların hansı formatda qəbul ediləcəyi beynəlxalq siyasətin əsas müzakirə mövzularından biridir. ABŞ və Rusiya arasında mümkün razılaşmalar fonunda Avropanın prosesdəki rolunun məhdudlaşdırılması isə təkcə Kiyevin deyil, bütövlükdə Avropa qitəsinin gələcək təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Politoloq Oqtay Qasımov hesab edir ki, Avropanın danışıqlardan kənarda saxlanılması məsələsində Vaşinqtonla Moskvanın mövqeləri müəyyən mənada üst-üstə düşür. Avropa ölkələri isə Ukraynanın güzəştlərə məcbur edilmədən, milli maraqları nəzərə alınmaqla sülh sazişinə nail olmasını istəyirlər.


Politoloqun fikrincə, son 14 ay ərzində Ukraynanın müdafiəsi üçün göstərilən dəstəyin mühüm hissəsi Avropa ölkələrinin iştirakı ilə təmin olunub. Bu baxımdan, Avropanın danışıqlar prosesindən uzaqlaşdırılması gələcək razılaşmanın əldə edilməsini daha da çətinləşdirə bilər.

Oqtay Qasımovun qənaətinə görə, Avropanın əsas hədəflərindən biri Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qorumaq, ölkənin təslimçi sülh şərtlərini qəbul etməsinin qarşısını almaqdır. Avropa paytaxtları hesab edirlər ki, Ukraynanın məğlubiyyəti Rusiyanın gələcəkdə digər Avropa ölkələrinə qarşı təzyiqlərini artırması riskini yarada bilər.

Politoloq diqqəti Avropanın təhlükəsizlik sistemində baş verən dəyişikliklərə də yönəldib. O bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq nizam ciddi sarsıntı keçirir, Avropanın mərkəzində isə artıq beşinci ildir ki, genişmiqyaslı müharibə davam edir.

Qasımovun sözlərinə görə, müharibədən sonrakı dövrdə ABŞ-nin təhlükəsizlik təminatları əsasında formalaşan Avropa təhlükəsizlik arxitekturasının zəifləməsi qitənin beynəlxalq münasibətlər sistemindəki mövqeyinə də təsir göstərir.

Politoloq hesab edir ki, Ukrayna ilə bağlı danışıqların yalnız ABŞ və Rusiya arasında aparılması Avropanın qərarların qəbulunda rolunu zəiflədə, eyni zamanda, qitənin təhlükəsizliyi ilə bağlı riskləri artıra bilər. Bu səbəbdən Avropa Ukraynaya dəstəyini davam etdirməyə və onun əlverişsiz sülh şərtlərini qəbul etməsinin qarşısını almağa çalışır.


Sizin reklam burada
Sizin reklam burada