Etibar Əliyevdən paylaşım: “Gərək başınıza hadisə gələydi ki, hiddətlənəydiniz?”

Etibar Əliyevdən paylaşım: “Gərək başınıza hadisə gələydi ki, hiddətlənəydiniz?”
11:06

Etibar Əliyev məktəblərdəki tərbiyə böhranını tənqid etdi: “Bu da nəticə”

Təhsil eksperti Etibar Əliyev 225 saylı orta məktəbdə REAL TV əməkdaşlarına qarşı baş verən hadisəyə münasibət bildirib. O, məktəblərdə tərbiyə məsələsinin arxa plana keçdiyini vurğulayaraq təhsil sistemindəki problemlərə diqqət çəkib.

Ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Etibar Əliyev qeyd edib ki, Azərbaycan orta məktəblərində təhsilin mühüm tərkib hissəsi olan tərbiyə məsələsi faktiki olaraq məktəbin funksiyasından kənarda qalıb. Onun fikrincə, REAL TV-də təhsil sistemində yaşanan böhranla bağlı tənqidi süjet və verilişlərə rast gəlinməyib.

Ekspert Mir Şahin Ağayevə müraciət edərək telekanal əməkdaşlarını məktəblərdəki vəziyyəti araşdırmağa çağırıb. O, bəzi şagirdlərin davranışlarına müəllimlərin və məktəb rəhbərliyinin lazımi diqqət yetirmədiyini, cəmiyyətdə isə biganəliyin hökm sürdüyünü bildirib.

Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin kadr siyasətini də tənqid edib. O, müxtəlif sahələrdən olan şəxslərin orta təhsilin idarəetmə strukturlarına gətirilməsini və məktəb təcrübəsi olmayan şəxslərin direktor təyin edilməsini təhsil sisteminə qarşı məsuliyyətsizlik kimi qiymətləndirib.

Ekspert hesab edir ki, məktəblərdə baş verən bu cür hadisələr təhsil sistemində uzun müddətdir mövcud olan problemlərin nəticəsidir.

“Gərək başınıza hadisə gələydi ki, hiddətlənəydiniz?” – deyə Etibar Əliyev paylaşımında vurğulayıb.

O, həmçinin qeyd edib ki, hadisəyə görə yaranan hiddət zamanla səngiyə bilər, lakin təhsil sistemindəki problemlər həll olunmadığı təqdirdə vəziyyət dəyişməyəcək.


Sizin reklam burada
Sizin reklam burada