Ölkə iqtisadiyyatının əsas yükü özəl sektorun üzərindədirsə niyə ancaq dövlət qulluqçuları düşünülür?

Ölkə iqtisadiyyatının əsas yükü özəl sektorun üzərindədirsə niyə ancaq dövlət qulluqçuları düşünülür?
09:25

“Dövlət qulluqçularının pensiyası ilə bağlı müəyyən güzəştlərin artırılması istiqamətində yeni bir təklif səsləndirildiyini oxudum. Uzun illər dövlət xidmətində çalışan insanların sosial təminatının gücləndirilməsi sosial baxımdan başa düşülən yanaşmadır və müəyyən mənada dövlət xidmətinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilə bilər”.

Bunu News365.az -a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O əlavə edib ki, belə təşəbbüslər müzakirə edilərkən iki vacib məsələ nəzərə alınmalıdır:

“Birincisi, bunun dövlət büdcəsinə və pensiya sisteminin uzunmüddətli maliyyə davamlılığına təsiridir. İkincisi isə əmək bazarında dövlət və özəl sektor arasında balansın qorunmasıdır.

Prinsip etibarilə dövlət qulluqçularının sosial təminatının digər sahələrlə müqayisədə həddindən artıq fərqlənməsi arzuolunan deyil. Çünki bir tərəfdən ölkədə özəl sektorun inkişafını təşviq etməyə çalışırıq, digər tərəfdən isə dövlət sektorunda əlavə sosial üstünlüklərin formalaşması təklif edilir. Bu əmək bazarında müəyyən disbalans yarada bilər.

Əslində ölkə iqtisadiyyatının əsas yükü özəl sektorun üzərindədir və dövlət də bu istiqamətdə müxtəlif təşviq mexanizmləri tətbiq edir. Ona görə də sosial təminatla bağlı qərarlar qəbul edilərkən həm dövlət xidmətinin dəyəri, həm də iqtisadi sistemdə ümumi balans nəzərə alınmalıdır. İqtisadi sistemdə hər addım müəyyən qarşılıqlı təsir yaradır və bu tarazlığın qorunması uzunmüddətli sabitlik üçün vacibdir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada