İran-İsrail gərginliyi əslində ABŞ–Çin rəqabətinin tərkib hissəsidir

İran-İsrail gərginliyi əslində ABŞ–Çin rəqabətinin tərkib hissəsidir
23 Apr 2026 10:42

Yaxın Şərqdə baş verən proseslər İran-İsrail və ya İran–ABŞ qarşıdurması kimi görünməsinə baxmayaraq, əslində daha geniş geosiyasi rəqabətin tərkib hissəsidir.

Bu barədə politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bölgədəki gərginlik Yaxın Şərqin enerji resursları və strateji mövqeyi üzərində nəzarət uğrunda ABŞ və Çin arasında gedən qlobal rəqabətlə bağlıdır.

“Bu, təkcə İran–İsrail və ya İran–ABŞ savaşı deyil. Burada əsas məsələ regionun enerji resursları və geostrateji mövqeyinə nəzarət uğrunda böyük güclərin mübarizəsidir,” – deyə politoloq vurğulayıb.

O qeyd edib ki, İranın bu proseslərdə müstəqil qərarvermə imkanları məhduddur:

“İran bu mənada tam sərbəst aktor deyil. Lakin müharibənin dayandırılmasında maraqlı olan güclərin sayı da azdır.”

Mehman İsmayılovun sözlərinə görə, İsrail mövcud vəziyyətdən istifadə edərək İran rejiminin dəyişdirilməsinə çalışır. İran isə Çin faktoruna arxalanaraq müqavimət göstərir.

Politoloq əlavə edib ki, son diplomatik proseslər də böyük güclərin maraqlarından asılıdır:

“İslamabadda aparılan danışıqların dayandırılması da əslində Çinin mövqeyi ilə bağlıdır.”

Onun fikrincə, hazırkı gərginliklər qəsdən dərinləşdirilir və bu, qlobal güclərin qarşıdurmasının nəticəsidir:

“Bu proseslər həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə müxtəlif siyasi mesajlar üçün istifadə olunur.”

Ekspert sonda bildirib ki, İran ətrafında və Yaxın Şərqdə ABŞ–Çin rəqabəti uzun müddət davam edəcək və bölgədəki gərginliklər bu böyük mübarizənin bir hissəsidir.


Sizin reklam burada
Sizin reklam burada