Politoloq: Bolqarıstanda Radev dövrü Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ aça bilər
Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri və Rumen Radevin mümkün siyasi kursu regionda diqqətlə izlənilir.
Bu barədə politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, seçkilərdə keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi “Mütərəqqi Bolqarıstan” koalisiyası yüksək nəticə əldə edərək parlamentdə üstünlük qazanıb. Bu isə ölkənin siyasi balansında ciddi dəyişikliklər yarada bilər.
Politoloq qeyd edib ki, Radevin siyasi mövqeyi onu Avropa İttifaqı daxilində fərqli xətt izləyən liderlərdən biri kimi göstərir:
“Bolqarıstan 2007-ci ildən Aİ üzvü olsa da, Radev solçu və avroskeptik mövqeyi ilə seçilir. Onun Rusiya ilə münasibətlərə daha yumşaq yanaşması və Ukraynaya silah yardımını tənqid etməsi diqqət çəkir.”
Turan Rzayevin sözlərinə görə, Radevin mümkün baş nazirlik dövrü Viktor Orbanın Macarıstandakı siyasi xəttinə bənzər bir model yarada bilər:
“O, Aİ-dən çıxmağa deyil, daha çox Brüsselə qarşı daha sərt və milli maraqlara əsaslanan siyasət yürütməyə üstünlük verə bilər.”
Politoloq əlavə edib ki, Bolqarıstanın iqtisadi asılılıqları səbəbindən Aİ-dən tam uzaqlaşma ehtimalı zəifdir:
“İqtisadi reallıqlar onu göstərir ki, Bolqarıstan Avropa İttifaqı ilə əlaqələri saxlayacaq, lakin münasibətlərin tonu daha sərt və müstəqil olacaq.”
Onun fikrincə, bu dəyişikliklər xüsusilə Ukrayna müharibəsi və Rusiya ilə münasibətlər kontekstində daha aydın hiss olunacaq və Kremlin maraqlarına müəyyən qədər uyğun gələ bilər.