Azərbaycan ərazisində, xüsusilə Qarabağ və Qərbi Azərbaycanın digər bölgələrində mövcud olan xristian mədəni irsinin tarixi kökləri ilə bağlı müzakirələr davam edir.
Bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu News365.az-a açıqlamasında danışıb.
Deputat bildirib ki, mədəniyyət yarada bilməyən xalqlar çox vaxt başqa xalqların tarixi-mədəni nümunələrinə həssas yanaşaraq onları mənimsəməyə və ya dağıtmağa çalışırlar.

Onun sözlərinə görə, müəyyən etnik qrupların hər hansı coğrafiyada sonradan məskunlaşdırılması həmin ərazilərin tarixi-mədəni kimliyinin dəyişdirilməsinə hesablanmış siyasətin tərkib hissəsi olub:
“Əgər hər hansı etnik qrup mənşə etibarilə bir coğrafiyaya aid deyilsə, həmin ərazidə dərin tarixi kök sala bilmir. Belə hallarda isə çox zaman başqalarının yaratdığı mədəni irs mənimsənilməyə və ya ona sahib çıxılmağa çalışılır.”
Deputat qeyd edib ki, ermənilərin Qarabağa və Azərbaycanın digər tarixi bölgələrinə köçürülməsi ilə bağlı faktlar tarixdə açıq şəkildə öz əksini tapıb.
“Ermənilərin Qarabağda məskunlaşdırılmasının tarixi bəllidir. Onların hansı dövrdə və hansı istiqamətlərdən gətirildiyi tarixi mənbələrdə əks olunub. Bu köçürülmənin səbəblərindən biri də həmin ərazilərdə əvvəlcədən mövcud olan xristian mədəni abidələrinin varlığı idi. Bu abidələr bizim əcdadlarımız – Qafqaz albanları tərəfindən yaradılmışdı.”
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan xalqı İslamı qəbul etdikdən sonra əvvəlki xristian maddi-mədəni irsə münasibətdə müəyyən səssizlik yaranıb və bu da sonrakı dövrlərdə həmin irsin başqa xalqlar tərəfindən özününküləşdirilməsi cəhdlərinə zəmin yaradıb.
Deputat tarixi müqavilələrə də toxunaraq bildirib ki, XIX əsrin əvvəllərində imzalanan sənədlərdə bölgənin taleyi ilə bağlı mühüm məqamlar yer alıb:
“Tarixi müqavilələrdə Arazın şimalındakı torpaqların Rusiyaya verilməsi ilə yanaşı, həmin ərazilərə aid bütün sənədlərin, o cümlədən vergi, mülkiyyət və digər tarixi materialların qısa müddətdə təhvil verilməsi nəzərdə tutulurdu.”
Onun sözlərinə görə, bu sənədlər arasında bu günədək tam şəkildə əldə olunmayan mühüm intellektual və dini irs nümunələri də olub:
“Həmin materiallar içərisində qədim mənbələr, alban irsinə dair əsərlər, kilsə sənədləri və o dövrün təhsil, inanc və mədəniyyət sistemini əks etdirən qiymətli nümunələr yer alırdı.”
Deputat əlavə edib ki, Azərbaycan ərazisində xristianlığın tarixi çox qədim dövrlərə gedib çıxır və bunun kökləri IV əsrə qədər uzanır.