İranda baş verən son proseslər ölkə daxilindəki siyasi qarşıdurmaların nəticəsi kimi qiymətləndirilir. Bu fikirləri politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, mövcud vəziyyət artıq İran cəmiyyətinə qarşı məsuliyyətsiz yanaşmanın göstəricisidir:
“Bu, İranın öz xalqı qarşısında bir növ məsuliyyətsizlikdir. Hesab edirəm ki, baş verənlər daxili siyasi çəkişmələrin nəticəsində yaranmış vəziyyətdir.”

Politoloq qeyd edib ki, hələ əvvəlki dövrlərdə də ölkə rəhbərliyi ilə bağlı qeyri-müəyyənliklər mövcud olub:
“Biz o zaman da bilirdik ki, rəhbərlikdə olan şəxs ağır vəziyyətdədir, hətta komada olduğu deyilirdi. Amma buna baxmayaraq, onun ali dini lider kimi seçilməsi ciddi suallar doğururdu. Mən o zaman da təəccüblənmişdim ki, bu cür idarəetmə imkanları məhdud olan şəxs niyə belə yüksək posta gətirilir.”
Ekspertin fikrincə, hazırkı mərhələdə iki ehtimal ön plana çıxır:
“Əgər danışıqlar prosesi nəticə verərsə və hər hansı razılaşma əldə olunarsa, ya ali dini lider açıq şəkildə idarəetmədə görünməlidir, ya da yeni lider seçilməlidir.”
Eyni zamanda, o, İran daxilində güc strukturlarının roluna da toxunub. Bildirib ki, xüsusilə hərbi qanadın – Sepahın proseslərə təsiri ciddi olaraq qalır:
“Bu gün əsas nəzarət imkanları Sepah generallarının əlindədir. Amma vəziyyət dəyişərsə, onların təsir imkanları zəifləyə bilər. Hətta bəzi hallarda qanun qarşısında cavab vermək ehtimalı da istisna deyil.”
Politoloq əlavə edib ki, proseslərin uzanmasında maraqlı tərəflərdən biri də məhz bu güc strukturlarıdır:
“Məsələlərin bu qədər uzanmasında maraqlı olan qüvvələrdən biri də Sepahdır. Onların açıqlamalarında səsləndirilən ‘qələbə’ bəyanatları reallığı əks etdirmir.”
Ekspert vurğulayıb ki, İran tərəfinin özünü qalib kimi təqdim etməsi obyektiv vəziyyətlə üst-üstə düşmür:
“Bu bəyanatlarda konkret təklif və ya razılaşma iradəsi görünmür. Əksinə, qarşı tərəf məğlub kimi təqdim olunur. Halbuki reallıq fərqlidir və bu, daha çox daxili auditoriyaya hesablanmış çıxışlardır.”