"Belə bir yanaşma var ki, ən yaxın yol – tanıdığın yoldur. Deyəsən, bizim hökumət də bu deyimi hərfi mənada başa düşür, iqtisadi problemlərin həlli tanıdıqları -bildikləri yolda görürlər, vergi-rüsum-cərimə artırılması yolunu yaxşı bilirlər deyə, düşünürlər ki, bu addımlar iqtisadiyyatda, büdcədə olan problemləri həll edəcək".
Bu fikirləri iqtisadçı Natiq Cəfərli səsləndirib.
O, hesab edir ki, azı bir neçə ildir ki, hökumətin hədəfinin yanlış olduğunu rəqəmlərlə sübut edirdik – deyirdik ki, büdcə gəlirlərinin azalması nəticədir, səbəb iqtisadi daralma və iqtisadi aktivliyin kəskin düşməsidir:
"İş adamlarına və vətəndaşlara maliyyə yükünü artırmaq sonda büdcəni doldurmayacaq, əks-effektlə iqtisadiyyatı daraldacaq ki, bu da sonda büdcə gəlirlərini daha da azaldacaq.
Dinləmirlər, eşitmirlər, bu ilin yanvar ayından vergi-rüsum-cərimələrin artmasına baxmayaraq, Azərbaycanda ÜDM 0,3% azalıb, iqtisadiyyatımız daralıb. ÜDM göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında, elə dünyada da sonuncu yerlərdən birini tutur..."
News365.az