Onun sözlərinə görə, Aİ-nin müxtəlif mexanizmlərdən istifadə etməsi Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün gözlənilməz deyil:
“Avropa İttifaqının bu cür addımları bizim üçün təsadüfi deyil. Bu, regionla bağlı strateji maraqların həyata keçirilməsi və mövcud imkanların səfərbər olunması ilə bağlıdır.”
Politoloq qeyd edib ki, bu, ilk hal deyil və daha əvvəl də oxşar yanaşmalar müşahidə olunub:
“Əvvəllər də müxtəlif formalarda təzyiqlər, qərarlar və sənədlər vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyalarının aparıldığını görmüşük.”
Züriyə Qarayeva Aİ-nin Ermənistandakı missiyasına da toxunaraq bildirib ki, bu məsələ də yeni deyil:
“‘Mülki missiya’ adlandırılsa da, tərkibində hərbi elementlərin üstünlük təşkil etdiyi bir strukturdan söhbət gedir. Maraqlıdır ki, bu missiyanın yerləşdirilməsi məhz Azərbaycanın öz suverenliyini tam təmin etməsindən sonra aktuallaşıb.”
Onun fikrincə, missiyanın tərkibi və müddəti də zamanla genişləndirilib:
“Razılaşdırılmış müddətlə kifayətlənməyərək həm heyətin sayı, həm də fəaliyyət dairəsi artırılıb.”
Politoloq bildirib ki, hazırda Ermənistanda baş verən daxili proseslər bu missiyanın mövcudluğuna əlavə əsas kimi təqdim olunur:
“Seçkiqabağı gərginliklər bəhanə gətirilərək, daxili təhlükəsizlik arqumenti ilə bu missiyanın zəruriliyi əsaslandırılmağa çalışılır.”
Ekspert əlavə edib ki, bu yanaşma təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə regiona yönəlib:
“Cənubi Qafqaz geostrateji baxımdan mühüm bölgədir və Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən regionla bağlı maraqların formalaşması və həyata keçirilməsi təbiidir.”