İnfrastruktur potensialının gücləndirilməsi və sənaye sahəsində tətbiqlərin genişləndirilməsi beynəlxalq platformalar vasitəsilə daha da sürətlənə bilər.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov News365.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, beynəlxalq forumların təşkili Azərbaycana investisiya cəlbi baxımından mühüm üstünlüklər yaradır:
“Belə platformalar nəticə etibarilə həm xarici, həm də yerli sərmayənin cəlb olunmasına imkan verir. Xüsusilə kənd təsərrüfatı sektoruna yeni investisiyaların yönləndirilməsi baxımından bu cür tədbirlər əhəmiyyətlidir.”
O qeyd edib ki, forum eyni zamanda Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərin təqdimatı üçün mühüm fürsət yaradacaq:
“Bu tədbir vasitəsilə ölkəmizin uğurları, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr beynəlxalq ictimaiyyətə təqdim olunacaq.”
Vüqar Bayramov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq edilən müasir yanaşmalar da forum çərçivəsində diqqət mərkəzində olacaq:
“Şəhərsalma sahəsində istifadə edilən yeni metodlar, tətbiq olunan standartlar və aparılan genişmiqyaslı quruculuq işləri forum vasitəsilə daha geniş auditoriyaya çatdırılacaq.”
Deputat əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkə üçün həm iqtisadi strategiya baxımından, həm də müxtəlif istiqamətlərdə yeni imkanların formalaşması baxımından əhəmiyyətlidir.