Təmtəraqlı qəbir daşlarının İslam dinində bidət, yəni mənfi yenilik olduğunu dəfələrlə qeyd etmişik. Eyni zamanda bu adət sosial bərabərliyi də pozur. Varlı-kasıb arasında sinif fərqini qabardır, eyni zamanda məzarlıqların geniş zəbt olunmasına yol açır. Həmçinin İslam dininin meyarlarına uyğun gəlmir. Çünki israfçılıq dində bəyənilmir. Qurani - Şərifdə israf edənləri Allahın sevmədiyi dəfələrlə vurğulanır. Bahalı və dəbdəbəli, fərqli üsul və üslubda olan qəbir daşları bütpərəstlikdən qalma adət kimi müsəlman ənənələrinə də ziddir.
Əhalinin varlı təbəqəsinin bahalı və böyük daşlar qoyub məzarlıqlarda çarhovuzlar, məqbərələr, çardaqlar tikməsi kasıb və imkansız sinifdə də bu mənfi adətdən geri qalmamaq hissi yaradır. Bu da mənfi əməldə yarışmaq, bəhsə girmək ənənəsi meydana gətirir. Nəticədə insanlar borc, kredit götürərək öz ölülərinin üstündə qiymətli daşlar qoymalı olurlar. Böyük daşlar və qəbirüstü abidələr məzarlıqlarda geniş yerlər tutduğuna görə yer məhdudiyyəti yaranır. Çox zaman da imkanlı şəxslər öz nəsli, ailəsi üçün geniş qəbir yerləri zəbt edir yaxud qanunsuz yollarla bu əraziləri satın alır.
Ümumiyyətlə qəbristanlıqların böyük əksəriyyətində xaotik durum, bərbad vəziyyətdədir. Bütün bu halların nizama salınması üçün mütərəqqi bir qanuna ehtiyac var. Qəbul ediləcək qanunda standart qəbir daşları tövsiyə xarakterli yox, məcburi olmalıdır. Eyni zamanda məzarların pərakəndə və dağınıq deyil, səliqəli, eyni xətt üzrə olması nəzərə alınmalıdır. Bəzi rayon və kəndlərdə camaat özü bu cür mütərəqqi və normal qaydalar tətbiq edirlər.
Ümumiyyətlə mərmər qəbir daşları ənənədən çıxarılmalıdır. Azərbaycanın tarixi, milli memarlıq ənənələrində yerli daşlardan istifadə həmişə önəmli yer tutub. Xüsusən qara rəngli mərmərdən istifadə İslam dininə də uyğun deyil. Ağ rəngli sadə, standart yerli daşlar olmalıdır. Qəbirüstü yazılar barədə də müvafiq standart mütləq nəzərə alınmalıdır ki, hərə istədiyi yazını yazıb yenə də sosial bərabərliyi və dini qaydaları pozmuş olmasın. İslam dininə görə qəbirüstü nişangah yalnız qəbrin itməməsi üçündür. Göstəriş, öyünmək, şan-şöhrət məqsədi ilə qoyan daşlar İslama yox, bütpərəstliyə uyğundur.
Standart və qısa qəbirüstü daşlarla bərabər qəbirlərin hər birinin ətrafına çəkilən hasarlar da ləğv edilməlidir. Ümumi olaraq qəbristanlığın öz hasarı varsa, bu kifayətdir. Lakin hazırda hər kəs əlavə xərc çəkərək öz ölüsünün qəbrinin ətrafına xüsusi və ayrı-ayrı hasarlar çəkib ki, bu da ümumilikdə xeyli torpaq ərazisinin israfına səbəb olur. Bunu ona görə edirlər ki, gələcəkdə vəfat edən yaxını üçün yer almaqda çətinlik çəkməsinlər.
Bir güvənsizlik də var. Lakin bu halların baş verməməsi üçün xüsusi qanun qəbul edilib layiqli şəkildə də icra olunsa qısa müddət ərzində problemlər aradan qaldırıla bilər.
Tural İrfan, dinşünas