Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaranan yeni siyasi xəritədə Fransa rəsmi Dəməşqlə münasibətləri bərpa etmək və regionda aparıcı qüvvəyə çevrilmək üçün kritik addımlar atır.
News365.az xəbər verir ki, rəsmi Paris yeni rəhbərliklə əlaqələri gücləndirmək üçün artıq 3 mühüm mərhələni geridə qoyub.
Fransa hökuməti Əsədin süqutundan cəmi bir neçə həftə sonra – 13 fevral 2025-ci ildə Suriyaya dəstək məqsədilə Parisdə beynəlxalq iqtisadi konfrans təşkil edib. Bu konfransda ölkənin gələcək yol xəritəsi, inklüziv siyasi sistemin qurulması və azlıqların qorunması barədə mühüm qərarlar qəbul olunub.
İkinci mühüm gediş kimi Fransa ötən il mayın 7-də Suriyanın müvəqqəti prezidenti Əl-Şəranı Parisə dəvət edib. Bununla da Fransa Əl-Şəranı qəbul edən ilk Qərb dövləti olub və digər Avropa paytaxtlarına nümunə göstərib.
Bundan əvvəl isə Fransanın xarici işlər naziri Jan-Noel Barro alman həmkarı Annalena Berbokla birlikdə ötən il yanvarın 3-də Dəməşqə səfər edərək Suriyanı ziyarət edən ilk Qərb nazirləri kimi tarixə düşüblər. Həmin vaxt Fransanın Dəməşqdəki səfirliyi "nəzəri olaraq" yenidən açılsa da, binada bərpa işləri getdiyindən diplomatlar hələlik fəaliyyətlərini Beyrutdan idarə edirlər.
Fransanın region üzrə keçmiş səfirlərindən birinin sözlərinə görə, Prezident Emmanuel Makron yeni rəhbərliyə təsir etmək və ölkənin yenidən qurulması prosesində əsas pay sahibi olmaq niyyətindədir. Fransa həmçinin Suriya Demokratik Qüvvələri (SDQ) başda olmaqla kürdlərlə olan tarixi əlaqələrini qorumaq və Dəməşq-Beyrut xəttindəki sərhəd problemlərinin həllində vasitəçi olmaq istəyir.
Keçmiş diplomat qeyd edib ki, ölkədə zaman-zaman baş verən təhlükəsizlik insidentlərinə və rəsmi Parisin qəti qınaqlarına baxmayaraq, fransız rəsmiləri ümumi prosesin "düzgün istiqamətdə" getdiyini düşünürlər.
Diplomatik dairələrdə Emmanuel Makronun yaxın günlərdə Suriyaya planlaşdırılan rəsmi səfəri geniş müzakirə olunur. Əgər bu baş tutarsa, Makron Əsədin süqutundan sonra Dəməşqə səfər edən ilk Qərb dövlət başçısı olacaq. Xatırladaq ki, Suriyaya səfər edən sonuncu Fransa prezidenti 2009-cu ildə Nikola Sarkozi olub.
Suriyanın yeni rəhbərliyi ilə görüş yarışında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenski də artıq Dəməşqdə mühüm görüşlər keçiriblər.
News365.az qeyd edir ki, bu həftə çərşənbə axşamı və çərşənbə günləri keçirilən NATO sammiti Makrona Suriyaya qısamüddətli səfər etmək üçün unikal imkan yaradıb. Bu gizli və strateji gedişlə Paris terrorizmlə mübarizə, ikitərəfli əlaqələr və iqtisadi tərəfdaşlıq mövzusunda Suriyanın yeni elitası ilə mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.