Ermənistanda yük maşını hərbçiləri vurdu: 1 ölü, 6 yaralı

Ermənistanda yük maşını hərbçiləri vurdu: 1 ölü, 6 yaralı
10:50

Ermənistanda Çəmbərək şəhərinə gedən yolda yük maşınının hərbçiləri vurması nəticəsində bir əsgər ölüb, altı hərbçi yaralanıb.

News365.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə avqustun 19-da saat 21:00 radələrində baş verib.

Hələlik müəyyən edilməmiş şəraitdə “QAZ-53” markalı yük maşınının sürücüsü bir qrup hərbçini vurub. Qəza nəticəsində hərbçi Suren Vardanyan həyatını itirib.

Yaralanan altı hərbçi hərbi hospitala yerləşdirilib. Müdafiə Nazirliyi onların həyatına təhlükə olmadığını və həkim nəzarətində olduqlarını bildirib.

Ermənistan mediasının yaydığı məlumata görə, hadisə zamanı yaralanan hərbçilər Çəmbərəkdə yerləşən hərbi hissələrdən birində xidmət edirlər. 

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Onların hamısında sınıqların olduğu bildirilir.

Hadisənin səbəbləri və digər təfərrüatları araşdırılır.

“Hraparak” qəzetinin məlumatına görə, hadisə Çəmbərəkdəki hərbi hissələrdən birində əsgərlərin cəzalandırılması məqsədilə qaçışa çıxarılması zamanı baş verib.

İddialara görə, hərbi hissənin komandanlığı tərəfindən cəzalandırılan əsgərlər qaçış zamanı hərbi hissənin ərazisindən kənara çıxarılıblar. Hadisə də həmin vaxt baş verib.


Sizin reklam burada
Sizin reklam burada