"Müstəqil siyasətimizi həzm edə bilmirlər" - Rusiyadakı antiazərbaycan təbliğatına REAKSİYA

"Müstəqil siyasətimizi həzm edə bilmirlər" - Rusiyadakı antiazərbaycan təbliğatına REAKSİYA
10:30

Müstəqil xarici siyasət kursu və milli maraqlara söykənən prinsipial mövqe — Azərbaycanın bu dəyişməz xətti görünür Rusiya siyasi-mediatik elitasının müəyyən dairələrində ciddi narahatlıq doğurur. Son zamanlar rusiyalı rəsmilər, jurnalistlər və müxtəlif "ekspertlər" tərəfindən ölkəmizə qarşı intensivləşən qərəzli çıxışlar, əslində, sistemli hibrid informasiya müharibəsinin tərkib hissəsidir.

Mövzu ilə bağlı News365.az-a geniş müsahibə verən deputat Elçin Mirzəbəyli baş verənlərin pərdəarxası məqamlarını və hüquqi tərəflərini diqqətə çatdırıb.


Müstəqil siyasətə həzm olunmayan adekvat reaksiya

Deputatın sözlərinə görə, bu təzyiq cəhdlərinin kökündə Azərbaycanın heç bir kənar gücün geosiyasi oyunlarında alət olmaması durur:

"Həm Rusiyanın rəsmi mediasında, həm də sosial şəbəkələrin rusdilli seqmentində Azərbaycana qarşı hibrid informasiya müharibəsinin elementləri açıq görünür. Təməldə duran ən başlıca amil Azərbaycanın müstəqil siyasət yürütməsi və yalnız milli maraqlardan çıxış etməsidir. Digər amil isə dövlətimizin öz vətəndaşlarının hüquqlarını və suverenliyini qorumaq üçün hər bir davranışa adekvat, prinsipial reaksiya verməsidir. Bütün bunlar həmin dairələri ciddi şəkildə narahat edir."

Açıq cinayət tərkibi və Rusiya cəmiyyətindəki şovinizm

Tarixi faktların təhrif olunması və suverenliyimizə yönələn təhdidlərin artıq hüquqi müstəviyə keçdiyini vurğulayan E.Mirzəbəyli, Rusiya cəmiyyətində dərinləşən ultramillətçilik tendensiyasına da diqqət çəkib:

"Son səslənən fikirlər adi rəy deyil, birbaşa cinayət tərkibli əməllərdir. Azərbaycanla Rusiya arasında, eləcə də MDB çərçivəsində qarşılıqlı hüquqi yardım haqqında razılaşmalar var və Rusiya həmin şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Lakin biz təkcə Azərbaycana yox, digər xalqlara, məsələn, Ukrayna xalqına qarşı da belə aqressiv, ultranasionalist münasibət görürük. Çoxmillətli federasiya olan Rusiya üçün bu cür ksenofobiya onun öz milli maraqlarına vurulan ağır zərbədir."

"Ultramillətçilik fəlakətlərə gətirir"

Tarixdə faşizmin və ultramillətçiliyin milyonlarla insanın məhvinə səbəb olduğunu xatırladan deputat bildirib ki, kənarda bu ideologiya ilə mübarizə apardığını iddia edən bir dövlətin daxilində qatı millətçiliyin tüğyan etməsi ziddiyyətlərdən xəbər verir:

"Bu cür davranışlar nə sülhə, nə də xalqlararası dostluğa xidmət edir. Şübhə etmirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları xalqımızın qanına əli bulaşanları məsuliyyətə cəlb etdiyi kimi, dövlətimizə qarşı terror çağırışları edən, hədə yağdıran bu şəxslərin də cəzalandırılması üçün bütün lazımi adekvat addımları atacaq."


Sizin reklam burada
Sizin reklam burada