"Çox sevincliyəm. İnanılmaz bir şey: Ölkənin aydınlıq gələcəyində birləşdirə bilmədiyimiz böyük əksəriyyəti qaranlıq keçmişimizdə birləşdirə bildik. Yazmayan, deməyən qalmadı. Aydınlıq tariximiz olan Cumhuriyyətin yaradılış fəlsəfəsini anlamayanlar hamısı eyni xorun içində qaranlıq dünyamıza sevgisini izhar etdi".
Bu fikirləri özünün sosial səhifəsində Millət vəkili Fazil Mustafa yazıb.
O, əlavə edib ki, son günlərin polemikası bir daha göstərdi ki, çox az sayda istisnalarla cəmiyyətdə ziyalı kimi tanınan şəxslər yazıları ilə, mövqeləri ilə, susqunluqları ilə birbaşa geriçiliyi, qaranlıq keçmişi dəstəklədilər və zərrə qədər düşüncə yeniliyi məsuliyyətini daşımaq barədə qayğı çəkmədilər.:
"Fərq etmədi- qatı iqtidarçısı ilə qatı müxalifətçisinə qədər eyni düşüncədə birləşdilər. Ortaçağ Avropasının elm və düşüncə həyatının canlanmasının bir səbəbi vardı: dönəmin aydınları qaranlıq keçmişlə mədəni tarix arasında balans yaratmaqdan imtina etdilər. Onlar yalnız faydalı, humanist keçmişi mədəni tarixin alt qatına yerləşdirdilər. Eyni işi bizim XIX yüzilin aydınları da uğurla təkrarladıqlarına görə mədəni tariximizin ən böyük əsəri olan Cumhuriyyəti qura bildik!
Hər şey eynən Ustad Şəhriyarın dediyi kimidir:
Gedib öz qaranlıq keçmişinizdə dartılın və qırılıb-qurtulun.
Aydınlıq gələcəyi düşünənlər isə Aqşinin xırdaladığı bu söz qızılını bir daha diqqətlə oxusunlar. Ən azı sonradan Şəhriyar kimi məyus olmamaq üçün... _
"Bu gün müsəlman dünyasındakı qaranlığın müəllifləri din xadimləri deyil, ziyalılardır. Hətta bu gün xeyli müsəlman ölkəsində din xadiminə artıq ehtiyac da yoxdur, yazıçılar, elm adamları, filosoflar canla-başla onların vəzifələrini icra edirlər; insanlığı geri qaytara bilməsələr də onun geridə atıb getdiyi hər cür yararsız köhnəliyi dişləri, dırnaqları ilə sürüyə-sürüyə dartıb gələcəyə aparırlar.
Təəssüf ki, bizim ziyalı da o yararsız köhnəliyi gələcəyə sürüyən könüllü kəllərdən biridir. Kəllə olmalıykən, kəl olmağı seçmiş bir miskindir. Keçmişə, köhnəyə heyranlıq, ölüpərəstlik onda silloqomaniya xəstəliyi səviyyəsindədir.
Ziyalının işi mədəniyyəti yenilməkdir, dəyər zibilliyinə çevrilməsinin qarşısını almaqdır. Bizim ziyalı öz mədəniyyətimizin, cəmiyyətimizin köhnə-küləsi, zir-zibili azmış kimi, gedib qonşu xalqların da çürümüş, qurd basmış dəyər-dəyməzini dişinə vurub ölkəyə gətirir. Çürük meyvə öz çürüklüyünü yan-yörəsindəki meyvələrə də yoluxdurduğu kimi, bizim ziyalı da öz çürüklüyü ilə mühiti çürüdür. Bir cəmiyyəti ictimai üfunət bürüyübsə, ilk növbədə, o cəmiyyətin ziyalısını qoxulamaq lazımdır. Ziyalı çürüyəndə ondan cəhalət qoxusu gəlir."
News365.az