Rusiya media məkanında fəaliyyət göstərən bəzi jurnalist və ekspertlərin son dövrlər Azərbaycana qarşı açıq-aşkar radikal və təhdid dolu fikirlər səsləndirməsi ictimaiyyətin ciddi narazılığına səbəb olub.
Siyasi şərhçi Ülviyyə Zülfüqar məsələ ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, bu cür yanaşmalar tənqid və ya adi siyasi polemika çərçivəsini çoxdan aşıb.
"Söz azadlığı yox, açıq terror çağırışı"
Ekspertin sözlərinə görə, suveren bir dövlətin ərazi bütövlüyünü hədəf almaq və insanları fiziki məhvlə hədələmək heç bir halda ekspert rəyi kimi qiymətləndirilə bilməz:
"Bir dövlətin suverenliyinə qarşı zorakı metodlardan danışmaq, şəxslərin fiziki məhvini bir vasitə kimi göstərmək söz azadlığı deyil, açıq terror çağırışıdır. Azərbaycan Baş Prokurorluğunun üç Rusiya vətəndaşına qarşı başladığı hüquqi prosedur bu kontekstdə tamamilə adekvat və vaxtında atılmış addımdır."
Ülviyyə Zülfüqar xüsusilə vurğulayıb ki, bu cür təhlükəli ritorikanın məhz geniş auditoriyaya çıxışı olan media nümayəndələri tərəfindən tirajlanması iki ölkə cəmiyyəti arasında nifaq toxumu səpir və Azərbaycana karşı əsassız düşmənçilik mühiti yaradır.
"Dövlətin özünü hüquqi müstəvidə müdafiə etməsi suveren hüququdur"
Bu bəyanatların sadəcə emosional çıxışlar kimi qəbul edilməsinin yanlış olduğunu bildirən şərhçi, radikal çağırışların cəmiyyətdə zorakılığı normallaşdırdığına diqqət çəkib:
"Sistemli şəkildə səsləndirilən bu fikirlər real təhdidlərə zəmin yaradır. Dövlətin bu hallara hüquqi müstəvidə qətiyyətli cavab verməsi onun özünü müdafiə etmək hüququdur. Terror və fiziki məhvetmə çağırışı söz deyil, birbaşa təhlükədir. Peşəkar jurnalist və ya ekspert statusu heç kimə terroru və zorakılığı təşviq etmək hüququ vermir."