Gecə şəhər susanda onların günü başlayır. Sosial şəbəkələrdə saatlarla vaxt keçirmək, serial və filmlərə baxmaq, onlayn oyunlar oynamaq, dostlarla gecə saatlarına qədər yazışmaq və ya işləmək artıq bir çox gənc üçün qeyri-adi hal deyil. Səhərlər isə eyni insanlar üçün günün ən çətin vaxtına çevrilir – oyanmaq, dərsə və ya işə vaxtında çatmaq, gün ərzində diqqəti toplamaq getdikcə çətinləşir.
Beləliklə, gecə-gündüz anlayışı dəyişir: gündüz yuxu, gecə isə aktivlik vaxtına çevrilir. İlk baxışda bu, sadəcə fərqli həyat tərzi kimi görünə bilər. Ancaq uzun müddət davam etdikdə pozulmuş yuxu rejimi insanın həm fiziki, həm də psixoloji vəziyyətinə təsir göstərə, gündəlik fəaliyyətinə və sosial münasibətlərinə problem yarada bilər.
Bəs gəncləri gecələr yatmağa qoymayan nədir? Sosial şəbəkələr və rəqəmsal platformalar, dəyişən iş rejimi, dostlarla gecə ünsiyyəti, yoxsa sadəcə formalaşmış vərdiş? Azərbaycanda gecə həyatının getdikcə normallaşması hansı səbəblərlə bağlıdır?
Məsələ ilə bağlı sosioloq Mail Yaqub Modern.az-a açıqlamasında bildirib ki, gecə həyat tərzinin yayılması təkcə Azərbaycana xas tendensiya deyil.
“Bu gün Avropa həyat tərzinə baxsaq, məsələn, Avropanın tanınmış və qabaqcıl ölkələrindən biri olan Almaniyada insanların, əsasən, axşam saat 8-9 radələrində evlərinə çəkildiyini və erkən yatmağa çalışdığını görərik. Təəssüf ki, Azərbaycanda vəziyyət bunun əksinədir. Təkcə Azərbaycanda deyil, bir çox qonşu ölkələrdə də gecə həyat tərzi geniş yayılıb.
Şübhəsiz ki, bu rejimin insanların psixologiyasına, sosial həyatına və ümumi sağlamlığına mənfi təsirləri var. Buna görə də formalaşmış bu vərdiş dəyişməlidir.
Azərbaycanda bu həyat tərzinin formalaşmasına bir neçə amil təsir göstərir. Daha əvvəl qeyd etdiyimiz hər üç səbəb - sosial şəbəkələr, sosial-iqtisadi vəziyyət və iş münasibətləri, eləcə də ümumi həyat tərzinin dəyişməsi - burada öz rolunu oynayır. Lakin təbii ki, sosial şəbəkələrin təsiri xüsusilə böyükdür. İnsanlar gecə saatlarına qədər sosial şəbəkələrdən istifadə edir, nəticədə yuxu rejimi pozulur və bu, zamanla həyat tərzinə çevrilir”.
Bəs bu həyat tərzini dəyişmək mümkündürmü?
Sosioloqun sözlərinə görə, bunun üçün ilk növbədə insanlarda problemin fərqindəliyi formalaşmalıdır:
“Məsələnin ən çətin tərəfi də məhz budur. Məncə, bunun əsas yolu insanların fərdi şəkildə problemi dərk etməsindən və dəyişməyə qərar verməsindən keçir. Psixoloqların da vurğuladığı kimi, hər hansı problemi dəyişmək üçün ilk növbədə insan həmin problemin mövcudluğunu və onun fəsadlarını qəbul etməlidir. Buna fərqindəlik deyilir. İnsan problemi problem kimi görmürsə, onun həlli üçün də addım atmayacaq.
Ona görə də ilk növbədə cəmiyyətdə, xüsusilə gənclər arasında bu fərqindəliyi yaratmaq lazımdır. İnsanlar başa düşməlidirlər ki, gecə həyat tərzinin normallaşması sağlam və xoşagələn bir vəziyyət deyil. Yuxu rejiminin davamlı pozulması zamanla müxtəlif sağlamlıq problemlərinə, psixoloji gərginliyə və sosial münasibətlərin zəifləməsinə gətirib çıxara bilər”.
News365.az