Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi

Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
12:10

Rusiyanın Ukraynaya gecə hücumu zamanı istifadə etdiyi pilotsuz uçuş aparatlarından biri Rumıniyanın hava məkanına daxil olub.

News365.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA Rumıniya sərhədini Qalats şəhərindən təxminən 13 kilometr məsafədə keçib. Daha sonra pilotsuz uçuş aparatı yaşayış olmayan əraziyə düşüb.

PUA-nın düşməsi zamanı yanğın baş verib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, hər hansı dağıntı qeydə alınmayıb.

Hava məkanındakı vəziyyətə nəzarət etmək məqsədilə İspaniyaya məxsus iki F-18 qırıcısı və Rumıniya hərbi helikopteri havaya qaldırılıb.

Həmin gecə başqa bir PUA Moldovanın hava məkanını da pozub.

Moldova hakimiyyətinin məlumatına görə, pilotsuz uçuş aparatı Ukrayna istiqamətindən ölkə ərazisinə daxil olub və Qaqauziyanın Etuliya bölgəsi üzərindən uçub.

PUA təxminən 6 dəqiqə sonra Moldova hava məkanını tərk edərək yenidən Ukrayna istiqamətinə yönəlib.

Moldova və Rumıniya ərazisində hava məkanının pozulması ilə bağlı hadisələrin Rusiyanın Ukraynaya gecə hücumu fonunda baş verdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada