Rusiyanın hərbi blogerləri Ukraynanın Zaporojye vilayətində yerləşən Malaya Tokmaçka kəndinin tamamilə Rusiya ordusunun nəzarətinə keçdiyini iddia ediblər.
News365.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri təsdiqləməyib.
Rusiyalı hərbi müxbir Yuri Kotenok kəndin ələ keçirildiyini yazsa da, məlumatın mənbəyini açıqlamayıb. “Vacib tarixlər” nəşrinin araşdırmasına görə, xəbərin ilkin mənbəyi Rusiyanın “Lostarmour” layihəsi olub. Layihə kəndin tutulduğunu açıqlanmayan mənbələrinə istinadən bildirib.
Bununla belə, Rusiya hərbi komandanlığı, eləcə də Müdafiə Nazirliyinə yaxın Z-kanallar son günlər Malaya Tokmaçka istiqamətində ciddi irəliləyiş barədə məlumat verməyib.
Ukraynanın “DeepState” layihəsinin xəritəsində isə Rusiya hərbçilərinin kəndin yalnız şərq hissəsində olduğu göstərilir. Kənd ərazisinin təxminən dörddə biri boz zona kimi qeyd olunub, qalan hissə isə Ukraynanın nəzarətində göstərilir. Bununla belə, “DeepState” xəritələrinin bəzən cəbhədəki vəziyyəti gecikmə ilə əks etdirdiyi də qeyd olunur.
Malaya Tokmaçka Zaporojye istiqamətində strateji əhəmiyyət daşıyan Orexova gedən yol üzərində yerləşir. Bu şəhərin ələ keçirilməsi Rusiya ordusuna Zaporojye istiqamətində irəliləmək imkanı verə bilər.
Kənd uzun müddətdir davam edən, lakin ciddi nəticə verməyən Rusiya hücumlarının simvoluna çevrilib. Rusiya Müdafiə Nazirliyi Malaya Tokmaçkanın ələ keçirildiyini ilk dəfə 5 mart 2022-ci ildə elan etmiş, 2025-ci ilin noyabrında isə bu barədə yenidən məlumat yaymışdı.
Beləliklə, Rusiya tərəfinin kəndin tam nəzarətə götürülməsi barədə yeni iddiası hələlik müstəqil mənbələr və hərbi tərəflər tərəfindən təsdiqlənməyib.