Türkiyədə Ahbap dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində daha beş tanınmış şəxsin ifadə vermək üçün prokurorluğa çağırıldığı bildirilir.
News365.az xəbər verir ki, Türkiyə KİV-in məlumatına görə, ifadəyə çağırılanlar arasında jurnalist Uğur Dündar, müğənni və rejissor Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sangu və rok ifaçısı Hayko Cepkin yer alır.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində sözügedən şəxslərdən məlumat və ifadə alınması nəzərdə tutulur. Onların hansı statusda dindirilməsi ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Bundan əvvəl də jurnalistlər Fatih Portakal, Fatih Altaylı, Ruşen Çakır, Ece Üner, eləcə də aktyor Şahan Gökbakar və aktrisa Hazal Kaya da daxil olmaqla bir sıra tanınmış şəxslər ifadə verməyə çağırılmışdı.
Bildirilir ki, istintaq çərçivəsində Ahbap dərnəyinə ianə edən məşhurların siyahısı və etdikləri ianələrin məbləği də araşdırma materiallarına daxil edilib.
Qeyd edək ki, Ahbap dərnəyi 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra topladığı ianələr və həyata keçirdiyi yardım kampaniyaları ilə gündəmə gəlmişdi.