Azərbaycanda magistratura təhsili yalnız bakalavr səviyyəsinin davamı deyil, elmi düşüncə, ixtisaslaşma və analitik bacarıqların dərinləşdirildiyi strateji mərhələ kimi qiymətləndirilir.
Təhsil eksperti Kamran Əsədov News365.az-a açıqlamasında bildirib ki, magistratura pilləsinin əsas funksiyası əmək bazarında yüksək səriştəyə malik, tədqiqat yönümlü və müstəqil qərar vermə bacarığı olan mütəxəssislər yetişdirməkdir.
Ekspertin sözlərinə görə, “Təhsil haqqında” Qanunun 10-cu maddəsində magistratura “alim və ixtisaslı mütəxəssis hazırlığının elmi-nəzəri bazasının formalaşdırılması” kimi təsbit edilib. Bu da göstərir ki, magistr təhsili yalnız akademik pillə deyil, həm də innovasiya və idarəetmə bacarıqlarının inkişafına xidmət edən insan kapitalı formalaşdırır.
Kamran Əsədov qeyd edib ki, hər il təxminən 25 min nəfər magistratura pilləsinə qəbul olunur və onların təxminən 60 faizi ixtisasını dərinləşdirmək məqsədi ilə müraciət edir:
“Magistratura artıq təkcə elmi fəaliyyət üçün deyil, həm də praktiki peşəkar yüksəlişin mühüm vasitəsinə çevrilib. Dövlət və özəl sektorda idarəetmə və tədris vəzifələrinə qəbul zamanı magistr dərəcəsinin tələb olunması onun sosial statusunu artırır.”
Ekspertin sözlərinə görə, magistratura təhsili üç istiqamətdə – akademik, peşəkar və innovativ baxımdan əhəmiyyətlidir:
“Bu mərhələ tələbələrdə tədqiqat vərdişlərini formalaşdırır, faktların təhlilinə və elmi arqumentlərlə əsaslandırmaya şərait yaradır. Peşəkar səviyyədə isə magistratura əmək bazarının keyfiyyətli kadr tələbinə cavab verir.”
Kamran Əsədov əlavə edib ki, beynəlxalq təcrübədə magistr pilləsi elmi innovasiyaların və texnoloji inkişafın əsas dayağı sayılır.
“Finlandiya, Almaniya və Cənubi Koreyada magistrlər sənaye, təhsil və idarəetmə sahələrində qərarvermə proseslərində fəal iştirak edirlər. Azərbaycanda da bu modelə keçid başlayıb.”
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi 2023-cü ildən “Tədqiqat və layihə əsaslı tədris modeli”ni tətbiq etməklə bu istiqamətdə mühüm addım atıb. 2024-cü ildən tətbiq edilən “Magistratura Təhsili Keyfiyyət İndeksi” isə universitetlərin proqramlarını elmi nəticələr və məzun məşğulluğu baxımından qiymətləndirir.
Ekspert həmçinin qeyd edib ki, bəzi universitetlərdə magistr proqramları hələ də formal xarakter daşıyır və bu, təhsil keyfiyyətinə mənfi təsir göstərir. Lakin yeni mexanizmlər bu problemi aradan qaldırmağa yönəlib.
Sonda Kamran Əsədov vurğulayıb:
“Magistratura elmi düşüncənin, tədqiqat mədəniyyətinin və peşəkar səriştənin qovuşduğu mərhələdir. Onun əhəmiyyəti yalnız diplomda deyil, cəmiyyətin intellektual inkişafında ölçülür.”