Rusiya Silahlı Qüvvələri yalnız bu həftə ərzində Ukrayna ərazisinə 1 600-dən çox zərbə dronu, təxminən 1 200 idarəolunan aviasiya bombası və müxtəlif tipli 70 raket atıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Dövlət başçısı hücumların əsasən mülki infrastruktur obyektlərinə yönəldiyini vurğulayıb:
"Demək olar ki, hər gün və hər gecə fövqəladə xidmətlərimiz Rusiya tərəfindən Ukrayna şəhərlərinə edilən hücumların fəsadlarını aradan qaldırır. Yalnız bu gün Rusiya qoşunları Ukrayna ərazisinə 240-dan çox dron və 5 ballistik raket buraxıb. Yeddi vilayət zərər çəkib. Təəssüf ki, Slavyansk və Çerniqov bölgəsində itkilər qeydə alınıb".
Zelenski vurğulayıb ki, Ukrayna tərəfdaşlarla müdafiəni gücləndirmək üçün çalışır:
"Prioritet aydındır – daha çox hava hücumundan müdafiə sistemi və raketlər. Hər bir razılaşma sürətlə həyata keçirilməlidir".